Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək

Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək Növbəti illərdə Azərbaycanın bank sektorunda iqlim riskləri ilə bağlı stress-testlərin keçirilməsi planlaşdırılır.
Maliyyə
17 Sentyabr , 2024 18:43
Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək

Növbəti illərdə Azərbaycanın bank sektorunda iqlim riskləri ilə bağlı stress-testlərin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

AMB-nin məlumatına görə, stress-testlər 2023-2026-cı illəri əhatə edən "Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"nin fəaliyyət planına daxil edilib. İlk növbədə bu testlərin keçirilməsi üçün məlumat bazası yaradılacaq, daha sonra isə müvafiq tədbirlərin hazırlanması üçün test nəticələri təhlil ediləcək.

"İqlim stress-testlərinin keçirilməsi AMB-nin dayanıqlılıq gündəliyinin mühüm hissəsidir. Yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bu istiqamətdə hazırlıq işlərinə başlanılacaq", - Mərkəzi Bankdan bildirilib.

Qeyd edək ki, yol xəritəsi iqlim dəyişikliyi və ekoloji risklərin əhəmiyyətini, həmçinin onların azaldılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. İqlim riskləri maliyyə institutlarına fiziki və keçid riskləri vasitəsilə təsir göstərir. Fiziki risklərə daşqınlar və quraqlıq kimi iqlim dəyişikliyinin birbaşa nəticələri daxildir, keçid riskləri isə aşağı karbonlu iqtisadiyyata keçid prosesi ilə bağlıdır. Bu risklər Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə aktualdır.

Temperaturun artması, yağıntı normalarının dəyişməsi və daşqınlar, istilik dalğaları kimi təbii fəlakətlərin tezləşməsi iqtisadiyyatın və əhalinin həssaslığını artırır. Bu amillər həmçinin maliyyə bazarlarına və investisiyalara təsir göstərir. Məsələn, quraqlıq və su çatışmazlığı bankların kənd təsərrüfatı portfelinə mənfi təsir göstərə və onun keyfiyyətini aşağı sala bilər. Uzunmüddətli perspektivdə qlobal dekarbonizasiya səyləri ilə bağlı keçid riskləri də Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə təsir göstərəcək. İstixana qazı emissiyalarının azaldılması sahəsində qlobal çağırışları nəzərə alaraq, Azərbaycanın öhdəlikləri dayanıqlı inkişafı dəstəkləyəcək və qeyri-neft iqtisadiyyatına keçidi sürətləndirəcək.

Son xəbərlər

Orphus sistemi