“Azər-Türk Bank" I yarımili mənfəətlə başa vurub

Maliyyə
  • 19 iyul, 2023
  • 13:48
“Azər-Türk Bank I yarımili mənfəətlə başa vurub

“Azər-Türk Bank” ASC bu ilin I yarısını 7,152 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 812 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Azər-Türk Bank”ın gəlirləri 43,586 milyon manat (illik müqayisədə 87,7% çox), xərcləri 33,055 milyon manat (48,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,778 milyon manat (10 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,6 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə “Azər-Türk Bank”ın aktivləri 849,859 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 41,9 % çoxdur. Bunun 399,623 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 42,7 % böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 43% artaraq 772,627 milyon manata, o cümlədən depozit portfeli 72,6 % artaraq 384,143 milyon manata, balans kapitalı isə 31,8 % artaraq 77,231 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti