Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % artıb.
İstifadə olunmuş investisiyanın 5 milyard 587 milyon manatı və yaxud 49,8 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 287,3 milyon manatı və yaxud 38,2 %-i xidmət sahələrinə, 1 milyard 342,6 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 315,8 milyon manatını və yaxud 83,1 %-ni daxili investisiyalar təşkil edib, 8 milyard 90,5 milyon manatı və yaxud 72,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.