“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişinə dair elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir.
"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ ADIF-in kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, ləğv prosesində olan “Atabank” və “Amrah Bank” ASC-lərlə bağlı ilk bildiriş 1 may 2020-ci ildə www.adif.az saytında yerləşdirilib.
Sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində ADIF “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və Fondun internet səhifəsində elan edib, kompensasiyaların ödənilməsi prosesinə başlanılıb. ADIF-in Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” və “Amrah Bank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyaların çevik şəkildə ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilədə ölkəmizdə tüğyan edən koronavirus (COVID-19) səbəbi ilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank"ın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilməsinə şərait yaradılıb. Həmçinin “Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi iki mərhələdə baş həyata keçirilib. İlkin olaraq 01 iyun 2020-ci ildən başlayaraq “Atabank” və “Amrah Bank”da 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların və 1 iyul 2020-ci ildən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanılıb.
Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 1 may 2021-ci ildən sözügedən bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib. Ötən il iyunun 1-dən bu il mayın 1-nə qədər “Atabank”ın 9,837 əmanətçisinə 246,823 milyon manat (ümumi kompensasiya öhdəliyinin 94,8%-i), “Amrahbank”ın 5 844 əmanətçisinə 140,462 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), hər iki bank üzrə isə toplam 15 681 əmanətçiyə 387,284 milyon manat kompensasiya ödənişi həyata keçirilib. Bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq ADIF-in baş ofisində (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında) həyata keçiriləcək.
ADIF banklar qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, Fondun sosial media hesablarında və rəsmi veb saytında məlumat dərc edərək bildirib.