Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın “AtaBank” ASC-nin səhmdarların ümumi yığıncağının yekdil qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinə Etibar Babaşlı təyin olunub. Bu barədə "Report"a qurumun mərkəzi ofisindən məlumat verilib.
Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin məzunu olan E.Babaşlı 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin təşkili və idarə edilməsi istiqamətində magistratura pilləsini bitirib. O, 2000-2005-ci illərdə "Koçbank Azərbaycan" QTSB-də müştəri təmsilçisi, Kredit və marketinq Departamentinin rəhbəri, sonra isə Daxili audit Departamentinin direktoru vəzifələrində çalışıb. 2005-ci ilin aprel ayından bu günə kimi “AtaBank”da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb və son vaxtlar bankda sədr əvəzi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.