Bakı. 28 aprel. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) 2014-cü il ərzində üzv ölkələrin inkişafı üçün 22,93 mlrd. ABŞ dolları həcmində vəsait ayrılıb. "Report" xəbər verir ki, bu, ADB-nin illik hesabatında yer alıb.
Hesabata görə, həmin məbləğin 13,69 mlrd. dolları (59,7%) ADB-nin kapital resurslarından və xüsusi fondlardan, 9,24 mlrd. dolları isə (40,3%) tərəfdaşları ilə birgə maliyyələşdirmə vasitəsi ilə mümkün olub.
Qurum bununla da son 5 ildə ilk dəfə olaraq 10 mlrd. dollardan çox maliyyələşdirməyə imza atdığını açıqlayıb. Bununla yanaşı, Banka ödəmələr 2013-cü ilə nisbətən 17% yüksəlib.
ADB Asiya və Sakit Okean regionunun davamlı inkişafı, infrastruktur ehtiyaclarını ödəmək üçün 2010-2020-ci illərdə 8 trln. dollara tələbat olduğunu açıqlayıb.
ADB-nin növbəti illər üçün proqnozlarında göstərilir ki, Bankın təhsil və səhiyyə sahəsinə yatıracağı investisiyalar ikiqat artacaq, həmçinin özəl sektorun inkişafı, iqlim dəyişikliyi, fəlakət risklərinin qarşısının alınması, sosial müdafiə və infrastruktur sahələrinə də diqqət yetiriləcək.
ADB-nin 2014-cü ildə əhəmiyyətli vəsaitlər ayırdığı sahələr isə bir neçə qrupa ayrılır. Qurum ötən il təmiz enerjinin əldə edilməsi üçün 2,4 mlrd. dollar investisiya yatırıb. Məlumata görə, Bank son 4 ildə bu sahənin inkişafı üçün 2 mlrd. dollardan artıq vəsait ayırıb. Ötən il Asiya İnkişaf Bankı iqlim dəyişikliyi problemlərinin həllinin sürətləndirilməsi üçün 3,2 mlrd. dollar, özəl sektorun 25 layihəsi üçün 1,9 mlrd. dollardan artıq vəsait ayırıb. Həmçinin 3,4 mlrd. dollar məbləğində investisiya regional əməkdaşlıq və inteqrasiyaya dəstək məqsədi ilə yatırılıb.