ARDNF dünyada təhsil xidmətləri göstərən ən böyük özəl şirkətlərdən birinə 100 milyon dollar yatırır

ARDNF dünyada təhsil xidmətləri göstərən ən böyük özəl şirkətlərdən birinə 100 milyon dollar yatırır Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hindistanlı mühacirlərin Dubayda bir məktəb əsasında təsis etdiyi, dünyanın ən böyük özəl təhsil təminatçılarından biri olan “GEMS Education”a 100 milyon ABŞ dolları məbləğində sərmayə qoyur.
Maliyyə
18 İyun , 2024 16:39
ARDNF dünyada təhsil xidmətləri göstərən ən böyük özəl şirkətlərdən birinə 100 milyon dollar yatırır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hindistanlı mühacirlərin Dubayda bir məktəb əsasında təsis etdiyi, dünyanın ən böyük özəl təhsil təminatçılarından biri olan “GEMS Education”a 100 milyon ABŞ dolları məbləğində sərmayə qoyur.

Fonddan “Report”a verilən məlumata görə, ARDNF-dən başqa Kanadanın “Brookfield Asset Management Ltd.” investisiya şirkətinin rəhbərlik etdiyi, tərkibinə həmçinin Dubayda yerləşən “Gulf Islamic Investments”, “Marathon Asset Management” şirkətlərinin də daxil olduğu konsorsium layihəyə sərmayə yatıracaq.

"Bu sövdələşmənin ümumi dəyəri 2 milyard ABŞ dolları təşkil edir", - Fonddan bildirilib.

Müqavilənin digər maliyyə təfərrüatları açıqlanmayıb. Amma “Bloomberg News” daha əvvəl Kanada şirkətinin təxminən 2 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırdığını bildirmişdi. Bu, sövdələşməni Fars körfəzində özəl biznesə ən böyük kapital investisiyalarından birinə çevirəcək.

“Bu addım “CVC Capital Partners”ə körfəzdəki ilk özəl kapital sərmayəsinə daxil olduqdan beş il sonra GEMS-dəki payını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bununla belə şirkət bu cəlbedici bölgəyə gələcək sərmayələrə tam sadiqdir”, - CVC-nin Yaxın Şərq üzrə rəhbəri Özgür Önder bildirib.

Əməliyyatın müəyyən şərtlərə riayət edilməklə ilin üçüncü rübündə yekunlaşması gözlənilir. “Brookfield” üçün bu sövdələşmə son illərdə getdikcə fəallaşdığı bölgəyə daha bir investisiya yatırımı olacaq. Həmçinin GEMS şirkətlərin mövcud öhdəliklərinin bağlanılması da daxil olmaqla, əməliyyatı maliyyələşdirmək üçün BƏƏ-nin bir sıra banklarından maliyyə təmin edib.

Xatırladaq ki, bu biznesin başlanğıcı 1959-cu ilə, təsisçi Sunni Varkinin valideynləri Hindistanın cənubundakı Keraladan Dubaya köçdükləri vaxta gedib çıxır. Bu gün BƏƏ-nin 40-dan çox GEMS məktəbində 135 mindən çox şagird təhsil alır. Onun illər ərzində genişlənməsi Dubayın böyük maliyyə mərkəzi kimi yüksəlişini əks etdirdi. Pandemiyadan sonra sayı kəskin şəkildə artan əcnəbi əhalinin çoxluqla yaşadığı Dubay özəl təhsilə böyük məbləğdə - bəzən ildə 20 000 dollardan çox vəsait xərcləyir.

Bu əməliyyat 2022-ci ildən başlayan satış prosesini tamamlayır. Varki daha əvvəl 2020-ci ildə payının bir hissəsini satmağa çalışsa da, pandemiyanın yayılması səbəbindən alıcıları cəlb edə bilməmişdi. Şirkət həmçinin Londonda səhmlərinin ilkin ictimai təkliflərin keçirməyi planlaşdırırdı, lakin bu plan da baş tutmayıb.

“GEMS-ə sərmayə qoyuluşu “Brookfield” və Yaxın Şərqdəki özəl kapital biznesimiz üçün mühüm mərhələni xarakterizə edir, bu sürətlə inkişaf edən regiona investisiya yatırmaq öhdəliyimizi və yerli tərəfdaşlığımızın gücünü vurğulayır”, - “Brookfield”in Yaxın Şərqdəki idarəedici tərəfdaşı və regional rəhbəri Cud Ellon söyləyib.

“GEMS Education”un konsultantları qismində “Morgan Stanley”nin sabiq bankiri Mey Nəsrullah tərəfindən təsis edilmiş “deNovo Partners” butiki və “Goldman Sachs Group Inc.” şirkəti çıxış edib.

Xatırladaq ki, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.

Fondda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən əldə edilən və digər gəlirlər toplanır. 2024-cü il aprelin 1-nə ARDNF-nin aktivləri təxminən 57,373 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi