ARDNF bu il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 307 mln. manat ayırıb
ARDNF bu il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 307 mln. manat ayırıb2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 mln. manat təşkil edib
Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu barədə "Reporta" ARDNF-dən məlumat verilib.
Məlumata görə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 mln. manat vəsait ayrılıb.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 mln. manat vəsait ayrılıb və 5,9 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.
“Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 mln. manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 mln. manat təşkil edib.