Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi məqsədilə Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (Global Financial Innovation Network) müşahidəçi qismində üzv olub.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurum bu üzvlük çərçivəsində Şəbəkənin təşəbbüslərində iştirak edə, eləcə də aparıcı qlobal tənzimləyicilər və innovatorlarla əməkdaşlıq qura biləcək. Bununla da, AMB əldə edəcəyi təcrübə ilə maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin maliyyə bazarlarının dayanıqlılığının artırılmasını töhfə verəcək.
Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və digər maliyyə texnologiyaları ilə əlaqəli qurumları bir araya gətirən, sözügedən sahədə yeniliklərin təşviq olunmasını və inkişaf etdirilməsini hədəfləyən beynəlxalq təşkilatdır.