Milli Depozit Mərkəzinin (MDM) bu il formalaşdırdığı depo hesablarının açılması üzrə yeni arxitektura hesabına investorlar mobil telefonla sifarişlərini rahat şəkildə yerləşdirə bilir.
"Report" xəbər verir ki, bunu MDM-nin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin onlayn səs verməsi üçün istifadəyə verdiyi elektron sistemlə ("E-vote") bağlı brifinqdə bildirib.
"Artıq investisiya şirkətlərinin müştəriləri API vasitəsilə məsafədən depo hesablarını aça və balanslarında olan qiymətli kağızlarla bağlı məlumatları əldə edə bilərlər. Bu yeni infrastruktur qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq hazırlanıb və Azərbaycanın kapital bazarının inkişafına mühüm töhfə verəcək. Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmlərinin ilkin yerləşdirilməsi zamanı tətbiq edilmiş rəqəmsal həll uğurla sınaqdan keçirildi. Nəticədə investorlar mobil tətbiq vasitəsilə açılmış depo hesablarından sifarişlərini rahat şəkildə yerləşdirə bildilər. Təkrar bazar əməliyyatlarının nəticələrinin qiymətli kağızlar balanslarında əks etdirilməsi imkanı da təmin edilib”, - deyə A. Xudaverdiyev vurğulayıb.