“AFB Bank”ın mənfəəti 6% artıb

Maliyyə
  • 21 iyul, 2022
  • 12:16
“AFB Bank”ın mənfəəti 6% artıb

“AFB Bank” ASC bu ilin I yarısını 8,674 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6% çoxdur.

Yanvar-iyun aylarında “AFB Bank”ın gəlirləri 13,32 milyon manat (illik müqayisədə 27,8 % çox), xərcləri 8,568 milyon manat (8 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 3,922 milyon manat (31,2% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 267,743 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 % çoxdur. Bunun 131,555 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,7 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 7,3 % artaraq 186,780 milyon manata, o cümlədən depozit portfeli 19,5 % artaraq 107,267 milyon manata çatıb, balans kapitalı isə 5,2 % azalaraq 80,944 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.