“AFB Bank”ın mənfəəti 32 % artıb
- 24 oktyabr, 2022
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,452 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur.
9 ay ərzində “AFB Bank”ın gəlirləri 21,017 milyon manat (illik müqayisədə 12,7% çox), xərcləri 13,452 milyon manat ( 10,5 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 3,887 milyon manat (76,3 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 292,501 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur. Bunun 147,282 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,2 % böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 11,4 % artaraq 208,593 milyon manata, o cümlədən depozit portfeli 4,4 % artaraq 118,68 milyon manata çatıb, balans kapitalı isə 2,3 % azalaraq 83,909 milyon manata düşüb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.