ADB-nin Baş direktoru: “Gələn il Azərbaycan ilə yeni əməkdaşlıq strategiyasının hazırlanmasına başlanılacaq”

ADB-nin Baş direktoru: “Gələn il Azərbaycan ilə yeni əməkdaşlıq strategiyasının hazırlanmasına başlanılacaq” Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlıq son dərəcə aktiv templə inkişaf edir. Hər şeydən əlavə Azərbaycan təkcə kredit alan ölkə kimi deyil, həm də ADB-yə 2 milyon ABŞ dollarınadək vəsait ayırmış donor qismində çıxış edir. Uzunmüddətli
Maliyyə
21 Sentyabr , 2022 14:34
ADB-nin Baş direktoru: “Gələn il Azərbaycan ilə yeni əməkdaşlıq strategiyasının hazırlanmasına başlanılacaq”

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlıq son dərəcə aktiv templə inkişaf edir. Hər şeydən əlavə Azərbaycan təkcə kredit alan ölkə kimi deyil, həm də ADB-yə 2 milyon ABŞ dollarınadək vəsait ayırmış donor qismində çıxış edir. Uzunmüddətli tərəfdaşlığı nəzərə alaraq gələn il Azərbaycan ADB arasında 2024-2028-ci illər üzrə yeni əməkdaşlıq strategiyasının hazırlanmasına başlanılacaq.

Report” Asiya İnkişaf Bakının Baş direktoru Yevgeni Jukovla eksklüziv müsahibəni təqdim edir:

- Azərbaycan ADB-nin donorlarından birinə çevrilib. Ölkə donor kimi nə dərəcədə aktivdir? Bu əməkdaşlığın genişləndirilməsi ilə bağlı hər hansı razılaşma mövcuddur?

- Azərbaycan 1999-cu ildə ADB-yə qoşulub. Həmin vaxtdan ölkəyə 5,2 milyard ABŞ dolları məbləğində yardım göstərilib.

Eyni zamanda, Asiya İnkişaf Fondunun (ADF) güzəştli kredit resurslarını təmin edən zaman Asiya-Sakit Okean regionunun ən yoxsul ölkələrinə yardım göstərən Fonda Azərbaycanın da töhfə verməkdə maraqlı olduğunu öyrənmək bizi çox sevindirdi. Azərbaycan ADF-yə təxminən 2 milyon ABŞ dolları ayırıb.

Ümid edirik ki, ölkəniz ADF-nin maliyyələşdirməsində iştirakını davam etdirəcək. Bununla bağlı danışıqlar gələn il aparılacaq. Eyni zamanda, biz Azərbaycan ilə ənənəvi əməkdaşlığımızı da davam etdirəcəyik.

ADB gələn il Azərbaycan üçün üç layihə planlaşdırıb. Bu, Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək irriqasiya layihəsi, iqtisadi islahatlar proqramına institusional dəstək və islahatların peşə təhsili və hazırlığına investisiya dəstəyi ilə bağlı kombinasiyasıdır ki, bu da, fikrimizcə, ölkə iqtisadiyyatının gücləndirilməsi üçün çox mühüm istiqamətlərdir.

Gələn il biz Azərbaycan ilə 2024-2028-ci illər üçün növbəti Ölkə Tərəfdaşlığı Strategiyasının layihəsi üzərində işə başlayacağıq. Hökumətlə sıx əməkdaşlıq şəraitində hazırlanacaq bu sənəd bank ilə Azərbaycan arasında tərəfdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edəcək.

Ümumiyyətlə, biz ölkədə iqtisadiyyatın şaxələndirilməsinə və “yaşıl keçid”ə dəstəyimizi artırmaqda çox maraqlıyıq, çünki Azərbaycan karbohidrogen ehtiyatlarından çox asılıdır – ölkənin iqtisadi gəlirlərinin yarısını və maliyyə daxilolmalarının böyük hissəsini bu sektor təşkil edir. Ona görə də bu məsələdə hökumətlə əməkdaşlığı genişləndirmək istərdik.

- ADB Azərbaycanda enerji layihələrinin dəstəklənməsi sahəsində təcrübəyə malikdir. Bu təcrübə davam etdiriləcək? Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi layihəsində iştirakda maraqlısınızmı?

- Bir neçə il əvvəl hökumətin müraciəti ilə biz Azərbaycanda elektrik enerjisi paylayıcı şəbəkəsinin təkmilləşdirilməsi üçün çoxtranşlı maliyyələşdirmə mexanizmini təsdiq etdik. Bu, təxminən 1 milyard ABŞ dolları dəyərində olan böyük proqram idi. Bu vəsaitin 250 milyon ABŞ dollarından tam istifadə edilib.

Təkcə ötən ay ADB Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin həyata keçirdiyi Ələt Günəş Elektrik Stansiyasının inşası layihəsi üçün təxminən 22 milyon ABŞ dolları məbləğində maliyyələşdirməni təsdiqləyib.

Bundan əlavə, biz üzən qurğular üzrə günəş enerjisi sahəsində bəzi pilot layihələr üzərində işləyirik. Biz həmçinin Azərbaycan və digər Mərkəzi Asiya ölkələri ilə infrastruktur, ticarət, elektrik enerjisi və qaz sahəsində mümkün təkmilləşdirmə işlərini müzakirə etmişik.

Biz bu yaxınlarda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 2030-cu ilədək strategiyasını qəbul etdik. Bu strategiya çərçivəsində tendensiyalardan biri də Mərkəzi Asiya ölkələrində enerji bazarının yaxşılaşdırılmasıdır. Strategiyaya əsasən regionda rabitə, elektrik enerjisi, qaz və bu sahələrdə ticarətin yaxşılaşdırılması təkmilləşdirməyə ehtiyacı olan sahələr kimi təsbit edilib. Ümumilikdə, bu əməkdaşlıq proqramı Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya ölkələri və Pakistanı əhatə edir.

 Yevgeni Jukov
Yevgeni Jukov

Hazırda biz bu məsələni araşdırmaqda davam edirik və ola bilsin ki, gələn il bu əməkdaşlığın necə həyata keçiriləcəyi ilə bağlı daha geniş təsəvvürə malik olacağıq. Region daxilində kommunikasiyaları yaxşılaşdırmaq imkanı var, lakin onun hüdudlarından kənara enerji resursları ixrac etmək imkanı da mövcuddur.

6-7 il əvvəl biz Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün Cənub Qaz Dəhlizinin tikintisində Azərbaycana maliyyə dəstəyi vermişdik. Həmin vaxt biz layihəyə yarım milyard ABŞ dolları ayırmışdıq. Artıq bildiyiniz kimi, layihənin tikintisi uğurla başa çatdırılıb və SGC hazırda işləyir.

Biz hökumətin dəhlizin genişləndirilməsi ilə bağlı planlarından xəbərdarıq. Maliyyələşdirməyə gəlincə, hökumət indiyədək bununla bağlı bizə müraciət etməyib. Bizə müraciət olunarsa, onu ADB-nin ötən ilin sonunda təsdiq edilmiş yeni enerji siyasətini rəhbər tutaraq nəzərdən keçirəcəyik. Bu siyasət səylərimizi Asiya-Sakit okean regionunda bərpa olunan enerji mənbələrinin inkişafına yönəltməyi nəzərdə tutur.

- ADB artıq Azərbaycanın bərpa olunan enerji sahəsində ilk layihəsinə investisiya yatırıb. Cəmi 250 milyon ABŞ dolları istifadə edilmiş 1 milyard ABŞ dollarlıq “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı”ndan qalan vəsaiti bərpa olunan enerji layihələrinə yönəltmək mümkündürmü?

- Azərbaycanda paylayıcı şəbəkənin genişləndirilməsi proqramı bu ilin dekabrında başa çatacaq. Lakin biz günəş, külək və ya digər alternativ bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində hökumətə və özəl sektora yardım etmək üçün bütün imkanları nəzərdən keçirəcəyik.

- ADB Azərbaycanda energetikadan başqa hansı sahələri dəstək etməkdə maraqlıdır?

- Ümumiyyətlə, biz regional əlaqələrə, dəmir yolu nəqliyyatına, peşə hazırlığı və təliminə böyük önəm veririk. Yeni prioritetlər növbəti Ölkə Tərəfdaşlığı Strategiyası hazırlanarkən müəyyən ediləcək, lakin güman edirəm ki, biz enerji keçidini, “yaşıl enerji”ni, iqlim dəyişikliyi kimi sahələri Azərbaycanla tərəfdaşlığımızın əsas prioritetləri arasında görmək istərdik.

Ümumiyyətlə, əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Azərbaycan ADB-yə yardım göstərilən ölkə kimi qoşulsa da, indi həm də donor kimi Asiya-Sakit okean regionunun ən yoxsul ölkələrinə yardım edir.

Azərbaycana səfərim çərçivəsində bir neçə yaxşı görüşümüz oldu. Bunlardan biri kimi maliyyə naziri Samir Şərifovla ilə görüşü qeyd edərdim. Naxçıvan Muxtar Respublikasına da çox məhsuldar səfərimiz baş tutdu. Rəylər çox müsbətdir və biz Azərbaycanla onun prioritetlərinə uyğun olaraq əməkdaşlığı genişləndirməyi səbirsizliklə gözləyirik.

Son xəbərlər

Orphus sistemi