Bütün fikrimizi Azərbaycan Kubokunu qazanmağa yönəltmişdik.
Bunu "Report"a açıqlamasında kişi voleybolçulardan ibarət "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
"Son iki ay ərzində yaranmış komandayıq. Bütün fikrimizi Azərbaycan Kubokunu qazanmağa yönəltmişdik. Oyunçularımıza layiqli mübarizə apardıqlarına görə təşəkkür edirəm. "Azərreyl" həqiqətən güclü komandadır. İndi planlarımızı Azərbaycan çempionatının oyunlarına uyğun quracağıq. Voleybolçularımıza güvənirdik. Onlara paltadəyişmə otağında demişdim ki, siz bu görüşdə qalib gələcəksiniz".
Qeyd edək ki, "Xilasedici" Azərbaycan Kubokunun final görüşündə "Azərreyl"ə 3:0 (25:19, 25:21, 25:23) hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.