“Bu gün ölkədə bayramdır, tarixi gündür. Klub bu tarixi günə qələbə ilə töhfə verdi. Bayramınızı təbrik edirəm!”
“Report”un məlumatına görə, bunu “Sabah” basketbol komandasının məşqçisi Nikola Bozinovski Monteneqro təmsilçisi “Mornar”ı 81:74 hesabı ilə məğlub etdikləri oyunla bağlı danışarkən deyib.
Mütəxəssis hədsiz motivasiyanın birinci hissədə onlara problem yaratdığını bildirib: “Oyunçularımız görüşə hədsiz emosiya və hisslərlə çıxmışdılar. Bu gün qələbə istəyimiz çox güclü idi. Məhz bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu səbəbdən oyunun əvvəllərində emosional idik və ona görə ilk hissədə istədiyimiz kimi çıxış edə bilmədik. Lakin ikinci hissəyə komanda daha yaxşı kökləndi və 9 xallıq fərqi aradan qaldıraraq, 7 xallıq fərqlə qələbə qazandıq”.
O, 8 Noyabr – Zəfər Gününün vacibliyindən də danışıb: “Matçdan öncə legionerlərimizə bu günün əhəmiyyətini izah etdim, motivasiya verdim. Oyunun fasiləsində basketbolçularımıza inandığımı söylədim və ikinci hissəyə daha motivasiyalı çıxdıq”.
“Mornar”la görüşdə 25 xal, 5 ribaund və 3 assistlə yadda qalan amerikalı basketbolçu Smit Donovan da qalibiyyəti şərh edib: “Qarşılaşmaya yaxşı başlamadıq. İlk iki periodda istədiyimiz oyunu sərgiləyə bilmədik. Lakin fasilədən sonra öz oyunumuzu tapdıq və qələbə qazandıq. Qarşılaşmanın əvvəlində əsəbi və həyəcanlı idim. Bu səbəbdən öz oyunumu göstərə bilmirdim. Lakin görüşün gedişində özümü toparladım”.