Bakı. 22 iyun. REPORT.AZ/ 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daha 8 idman növü əlavə oluna bilər.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Xəbərdə bildirilib ki, beysbol/softbol, boulinq, karate, diyircəkli konki, dağadırmanma, skvoş (tennisin növü), serfinq və uşunun olimpiya oyunlarına əlavə edilməsi mümkündür.
Məlumata görə, əvvəlcə seçim üçün siyahıya 26 idman növü daxil edilmişdi.
Adıçəkilən 8 idman növünün təsdiqlənməsi haqda yekun qərar 2016-cı ilin avqustunda qəbul olunacaq.
Qeyd edək ki, 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarına beysbol/softbol daxil olduğundan bu növün təsdiqlənməsi ehtimalı böyükdür.