Azərbaycan Basketbol Liqasında komanda sayının 12-yə çatdırılması ilə bağlı müsbət rəy var.
Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.
O, son toplantıda aparılan müzakirələrlə bağlı danışıb: “Bir çox məsələlər müzakirə olundu. Bunlarla bağlı federasiyanın rəyasət heyətinin görüşü olacaq, qərarlar verilməlidir. Bizim məqsədimiz o idi ki, klubların rəyini öyrənək, fikir mübadiləsi aparaq. Əsas məsələ Azərbaycan Basketbol Liqasında komanda sayının 10-dan 12-yə çatdırılmasıdır. Bununla bağlı rəsmi qərar olmalıdır, amma müsbət rəyimiz var”.
Federasiya rəhbəri legioner limiti ilə bağlı müzakirələr apardıqlarını bildirib: “Bununla bağlı da hələ ki, qərar yoxdur. Kifayət qədər maraqlı mövzu idi və müxtəlif fikirlər oldu. Həm "3+2", həm də "4+1" varinatı müzakirə olunur”.
E.Əmrullayev klubların nəzdində U-14 komandalarının yaradılması ilə bağlı fikirlərin olduğunu vurğulayıb: “Mövzulardan biri də aşağı yaş qruplarından ibarət liqanın təşkili məsələsi idi. Hər bir klubun U-14 komandasının olması nəzərdə tutulur. Müəyyən səbəblərdən 16 yaşlılarla bağlı alınmır. Amma 12, 14 yaşda bunu etməyin mümkün olduğunu düşünürük”.
O, tələbə liqasının və ya əvəzedicilərin yaradılması ilə bağlı müzakirələr aparıldığını da diqqətə çatdırıb: “Birinci Liqanın, yoxsa əvəzedici heyətin olması, o cümlədən tələbə liqasının təşkilini müzakirə etdik. Yəqin ki, bu il Azərbaycan Basketbol Liqasında olan komandalarla tələbə liqasında yer alan komandalar arasında daha sıx əməkdaşlıq görəcəyik”.
ABF prezidenti sonda Azərbaycanda qadın basketbolunun inkişafı ilə bağlı fikirlərini bölüşüb: “Bu məsələ barədə də müzakirələr oldu. 14 yaşadək qızlardan ibarət komandaların çempionatının keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Bütün məsələlər detallı şəkildə iyun ayının sonuna qədər Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti tərəfindən müzakirə olunacaq. Sonra isə müvafiq qərarlar ictimaiyyətə açıqlanacaq”.