Qatıldığımız hər bir yarışda əsas hədəfimiz birinci olmaqdır.
Bunu "Report"a açıqlamasında "Azərreyl"in çimərlik voleybolu üzrə komandalarının meneceri Emil Şükürbəyli deyib.
O, kişi və qadınlardan ibarət kollektivlərin Fransanın Monpelye şəhərində keçirilən klublararası Avropa Kubokunda çempion olması barədə fikirlərini bölüşüb:
"Bizə göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Voleybol Federasiyasına klub adından təşəkkürümü bildirirəm. Məhz bu dəstək bizi daim uğur qazanmağa sövq edir. Qatıldığımız hər bir yarışda əsas hədəfimiz birincilikdir. Bu, "Azərreyl"in ənənəsidir. İkinci dəfə keçirilən klublararası Avropa Kubokunda hər iki komandamızın uğurlu çıxış etdiyini qeyd etmək istəyirəm. Qrup mərhələsində keçirdiyimiz oyunlarda qalib gəldik və pley-off mərhələsinə lider kimi vəsiqə qazandıq. Yarımfinal və final oyunları çətin hava şəraitində keçsə də, komandalarımız bu matçlarda da qalib gəlməyi bacardı və "qızıl dubl"u "qızıl setlər"də qazandıq".
Klub rəsmisi əldə etdikləri nailiyyət sayəsində voleybolun bu növünə marağın daha da artacağını söyləyib:
"Federasiya ilə birgə çimərlik voleybolunun populyarlaşması, yeni, lokal miqyaslı yarışların keçirilməsi və istedadların həm "Azərreyl" klubuna, həm də milli komandaya cəlb edilməsi üçün güclərimizi səfərbər edəcəyimizi düşünürəm. Yarış təqvimi, demək olar ki, yekunlaşıb. Gələn mövsüm isə qarşımızda iki çətin tapşırıq var: həm ölkə çempionatında, həm də Avropa Kubokunda qazandığımız bu tarixi uğuru qoruyub saxlamaq. İşimiz çətin olacaq, amma bunun öhdəsindən gələcəyimizə inanıram".
Qeyd edək ki, "Azərreyl"in qadından ibarət komandası finalda Ukraynanın “Sunrise Beach Spors Academy” klubunu, kişilər isə İspaniya təmsilçisi “CVP Poniente Benidorm Alicante“ni məğlub edib.