Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 19:21
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir

Avropa İttifaqı (Aİ) noyabrın 4-də Brüsseldə keçirilən Ukrayna ilə bağlı danışıqlarda Aİ ölkələrinin Rusiyaya qarşı tələblərlə bağlı razılaşdırılmış mövqeyinin nəzərə alınacağına ümid edir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Mən ümid edirəm ki, danışıqçılar bizim Aİ-nin xarici işlər nazirləri ilə razılaşdırdığımız Rusiyaya qarşı tələblərə dair sənədi həqiqətən nəzərə alacaqlar", - Kallas deyib.

Onun sözlərinə görə, indiyədək danışıqlar prosesi əsasən Ukraynadan gözlənilən güzəştlər üzərində qurulmuşdu. Bununla əlaqədar olaraq, Aİ danışıqlara daha balanslı yanaşmanı təmin etmək üçün Rusiyaya qarşı maksimal tələblərin siyahısını hazırlayıb.

"Rusiya hələ də özünün maksimum tələblərini irəli sürür. Danışıqlara bərabər şərtlərlə başlamaq üçün bizim tərəfimizdən də tələblər olmalıdır", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Daha əvvəl bildirilib ki, noyabrın 4-də Avropa Komissiyası Brüsseldə Ukrayna, ABŞ, NATO, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə Ukraynanın müharibədən sonrakı bərpasına və iqtisadi inkişafına həsr olunmuş görüş keçirir.

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos isə qeyd edib ki, Aİ, o cümlədən onun Avropanın təhlükəsizliyinə verdiyi töhfəni nəzərə alaraq, Ukraynanın birliyə üzvlük istiqamətində maksimum dərəcədə tez irəliləyəcəyinə ümid edir.

44 filmi