Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.
"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir dekabrın 17-22-si aralığında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Kursa Bakı Regional Voleybol Klubunun tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər qatılacaqlar. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək.
Sonda imtahandan uğurla keçəcək iştirakçılar AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, federasiya tərəfindən avqustun 9-12-si aralığında Qəbələdə, sentyabrın 21-26-sı aralığında Sumqayıtda “1-ci dərəcə” məşqçi kursu keçirilib.
AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar. Kursda iştirak üçün son qeydiyyat tarixi dekabrın 16-sıdır.