Bakı. 6 may. REPORT.AZ/ "Tour d’Azerbaidjan" veloyürüşündə ilk mərhələyə yekun vurulub. "Report"un məlumatına görə, 154 km məsafəlik mərhələnin qalibi Sloveniyanın "Adria Mobil" klubunun üzvü Marko Kump olub. Ona mükafatı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.
İkinci yeri İtaliyanın "Androni Giocattoli" klubunda çıxış edən Françesko Kikki qazanıb. Onu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov mükafatlandırıb. Üçüncü yeri isə Azərbaycanın "Synergy Baku" komandasında yer alan Maksim Averin tutub. Onu atası, Azərbaycan velosiped məktəbinin yetirməsi və sabiq dünya çempionu Aleksandr Averin təltif edib.
Bununla yanaşı, M.Kumpa göy və yaşıl köynək, dağ mərhələsinin qalibi, "Synergy Baku"nun daha bir üzvü Elçin Əsədova isə qırmızı köynək verilib. Ən perspektivli gənc velosipedçi, Belarusun "Minsk" klubunun üzvü, yürüşü 6-cı pillədə başa vuran Vladimir Xaraxavik isə bənövşəyi köynəyə sahib çıxıb.