Azərbaycan millisinin məşqçisi: "Həndbolçuların maaşlarının kəsilməsinə razı deyiləm"

Azərbaycan millisinin məşqçisi: "Həndbolçuların maaşlarının kəsilməsinə razı deyiləm" "Federasiya məşqçilərin maaşlarını kəsməməklə düzgün addım atıbsa, oyunçuların maaşlarının kəsilməsində səhv edib"
Komanda
11 noyabr 2021 08:05
Azərbaycan millisinin məşqçisi: Həndbolçuların maaşlarının kəsilməsinə razı deyiləm
Eldar Fərəcov

"Mən artıq məsələ ilə bağlı federasiya rəhbərliyi ilə danışmışam. Onlar komandalarla görüşməyə və həndbolçuları qəbul etməyə hazır olduqlarını bildirdilər. Söylədilər ki, idmançılar bütün narazılıqlarını rəhbərliyə desinlər".

Bu fikirləri "Report"a açıqlamasında həndbol üzrə "Bakı" klubunun baş məşqçisi və Azərbaycan millisinin köməkçi-məşqçisi Eldar Fərəcov oyunçuların maaşlardan narazılıqları barədə danışarkən deyib.

Mütəxəssis federasiya rəhbərliyinin fikirlərini idmançılara çatdırdığını söyləyib: "Onlara söylədim ki, biz - məşqçilər və komanda üzvləri olaraq, birlikdə gedək, öz sözümüzü deyək. Mən də istəyirəm ki, komanda inkişaf etsin. Bunu hamı istəyər. Öz üzərimə nə düşürsə, imkan dairəsində hamısını edəcəyəm. Gücüm nəyə çatırsa, həndbolçular üçün yalnız onu edə bilərəm".

Həndbolçular "Report"a açıqlamasında idmançıların maaşlarının azaldığını, məşqçilərin isə məcaviblərinin toxunulmaz saxlanıldığını söyləyiblər. Fərəcov isə bu iradlara belə münasibət bildirib: "Sabah həndbolçular özləri də məşqçi olacaqlar. Bu sualı onlara verəndə, cavablarını bilmək istərdim. Federasiya məşqçilərin maaşlarını kəsməməklə düzgün addım atıbsa, oyunçuların maaşlarının kəsilməsində səhv edib. Məşqçilər də çox əziyyət çəkirlər. Oyunçular 2 saatlıq hazırlıqdan sonra çıxıb gedirlər. Amma biz oturub fikirləşir, planlar qururuq. Elə olur ki, axşam gec yatırıq. Hansısa oyunçu xəstələnir. Bəs həmin şəxsin yerində kim oynayacaq? Bütün planları biz qururuq. Oyunçular yalnız məşqə və ya oyuna gəlir. Bütün nəticələrə isə baş məşqçi cavabdehdir. Yenə vurğulayıram ki, oyunçuların maaşlarının kəsilməsinə razı deyiləm. Amma məncə, məşqçilərin də maaşları kəsilməməlidir".

Bununla yanaşı, mütəxəssis bildirib ki, məşqə vaxtlı-vaxtında gələn oyunçunun maaşı heç vaxt kəsilmir: "Məsələn, həndbolçuların iddiası var ki, məvaciblərdən 20 manat tutulur. Şəxsən bizim komandada hansısa oyunçu hazırlığa qatılmırsa, maaşı 20 manat kəsilir. Ay ərzində 20 məşq olur və hansısa idmançı cəmi ikisində iştirak edir. Onun məvacibi necə kəsilməsin? İki məşqə gəlmisənsə, sənin məvacibini baş məşqçi kəsməyib, federasiya kəsib. Amma məşqçi olaraq hər gün yerimizdəyik. Elə gün olmayıb ki, məşqi buraxaq. Bu səbəbdən də maaşlarımız kəsilmir. Biz də hansısa hazırlığı buraxsaq, pulumuz kəsiləcək. Federasiya üçün heç bir fərqi yoxdur: həndbolçular necə, məşqçilər də elə. Biz də məşqə gəlməsək, maaşlar kəsilər".

Baş məşqçi planda beynəlxalq yarışlarda iştirakın olduğunu da sözlərinə əlavə edib: "Amma hələlik vaxtlarını bilmirik və beynəlxalq federasiyadan məlumat gözləyirik. Ondan sonra Azərbaycan Həndbol Federasiyası komandanı yarışlara aparacaq. Bir çox ölkələrdə, həmçinin bizdə də yerli çempionat keçirilmir. Buna baxmayaraq, məşqlərimizi davam etdiririk. Yarışlara icazə verilməsini gözləyirik".

Fərəcov komandalar üçün büdcənin azaldıldığını da təsdiqləyib: "Mən də istəyərəm ki, oyunçular məşqçilərdən daha çox qazansınlar. Belə olsa, sevinərəm. Oyunçular məşqçilərin məvaciblərinin azalmasını istəyirlərsə, mən buna düzgün baxmıram. Biz hər zaman komandanın arxasındayıq, onları yalnız buraxmamışıq. Bir nəfər deyə bilməz ki, hansısa məşqçi komandanın arxasında deyil. Maaşlar azalanda da etiraz etmişik. Federasiyadan isə deyirlər ki, kimin nə sualı varsa, görüşək və müzakirə edək".

Son xəbərlər

Orphus sistemi