Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: "Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi"

Komanda
  • 23 noyabr, 2026
  • 10:03
Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi

Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1-ci təsnifat mərhələsində əsas məqsədi son fitə qədər mübarizə aparmaq olub.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Gökhan Edman deyib.

Mütəxəssis komandanın yarışdakı çıxışını dəyərləndirib:

"Estoniyaya yollanarkən qarşımıza qoyduğumuz ilk və əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi. Bu hədəfimizə nail olduğumuz üçün komandamızın üzvləri və məşqçi heyəti ilə qürur duyuram. Oyunçularımız həm meydanda düzgün qərarlar verməyi, həm də sona qədər əzmkarlıq göstərməyi bacardılar. Azərbaycan komandası olaraq bu turnirdə rəqiblərimizin və digər iştirakçıların hörmətini qazandıq. Hər keçən gün daha yüksək səviyyədə voleybol oynayaraq inkişaf etdik və dəyərli təcrübə topladıq. Bu günə qədər bizə daim dəstək göstərən Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə, valideynlərə və azarkeşlərə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, noyabrın 19-22-də Estoniyanın Kaariku şəhərində keçirilən yarışın B qrupunda yer alan Azərbaycan seçməsi ev sahiblərinə 2:3, Ukraynaya 1:3 hesabı ilə uduzub. Litvaya isə 3:1 hesabı ilə qalib gəlib. Kollektiv turnirin 5-ci yer uğrunda görüşündə Gürcüstanı 3:0 hesabı ilə məğlub edib.

44 filmi