Ölkəmizdə hokkeyə maraq getdikcə artır.
“Report” xəbər verir ki, bunu yeni yaradılan buzüstü hokkey komandasının məşqçisi Zaur Məmmədəliyev jurnalistlərə açıqlamasında deyib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki buz meydançasında baş tutan məşq zamanı fikirlərini bölüşən mütəxəssis hokkeyin ölkəmizdə əvvəllər də mövcud olduğunu bildirib: “1990-cı ildə hokkey komandası yaradılsa da, sonradan fəaliyyətini dayandırmışdı. Məqsədimiz bu idman növünü Azərbaycanda inkişaf etdirmək, uğurlu nəticələr qazanmaqdır. 2-3 uşaqla başlamışdıq, artıq 20-dən çox hokkeyçimiz var”.
Z.Məmmədəliyev beynəlxalq yarışlara qatılmaq üçün zamana ehtiyac olduğunu söyləyib: “Təxminən 5 ildən sonra beynəlxalq turnirlərdə çıxış edə bilərik. Çünki yeni idman növü sürətlə inkişaf edə bilməz. Uşaqları məşq etdirmək lazımdır”.
Komandanın baş məşqçisi Aleksandr Blinov isə hokkeyçilərin səviyyəsindən razılıq bildirib: “Yarım il ərzində çox irəliləyişə nail olmuşuq. 2-3 nəfərlə başlamışdıq, indi kifayət qədər hokkeyçimiz var. Düzdür, onlar fərqli yaş qruplarında və kateqoriyalardadırlar. Uşaqlar bura böyük maraqla gəlirlər, məşq onlar üçün sanki bayramdır. Bütün işlər yüksək səviyyədə görülür”.