Bakıda keçirilən 17 yaşadək həndbolçu qızlardan ibarət komandalar arasında Avropa çempionatının A qrupuda mübarizə aparan Azərbaycan millisi uğursuz nəticələrlə yadda qalıb.
Yığma belaruslu baş məşqçi Sergey Kamburun rəhbərliyi altında Gürcüstana 13:39, Sloveniyaya 6:58, Bosniya və Herseqovinaya 17:61, Litvaya isə 14:47 hesabı ilə məğlub olub.
Qızlar 10 komandanın qatıldığı turnirdə avqustun 12-də 9-cu yer uğrunda matçda Lüksemburqla qarşılaşacaqlar.
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri və beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov “Report”a müsahibəsində yığmanın qitə birinciliyindəki çıxışını dəyərləndirməklə yanaşı, ölkə həndbolunun hazırkı durumundan və gələcək perspektivlərindən də danışıb.
- Millimizin qrupdakı çıxışını necə dəyərləndirmək olar?
- Komandamız yeni yığılıb, cəmi 6-7 aydır məşq keçir. Qarşılarına hər hansı bir məqsəd qoymamışdıq. Yeniyetmələrimiz heç vaxt belə yarışda iştirak etməyiblər. Heyətdə bir nəfər də legioner yoxdur, hamısı yerli qızlardır. Adi bir nümunə çəkim. U-16 basketbol yığmamız Avropa çempionatının C Divizionunun qalibi oldu, ancaq heyətində cəmi bir azərbaycanlı var idi. Bizdə isə hamı yerlidir. Qəbul edirik ki, yığmamız hələ zəifdir.
- Deməli, nəticələr gözlənilən idi?
- Bəli, gözlənilən idi. Bir az Gürcüstanla oyuna ümid edirdik ki, bəlkə onlara qalib gələrik. Amma həmin görüşdə də uduzduq. Onu da nəzərə almaq lazımdır ki, komandamızda həndbolçuların çoxunun 16 yaşı var. Bura gələnlər 17 yaşlılardır. Problem ondadır ki, bizdə qızlar həndbola çox gec – 15-16 yaşda başlayırlar. Avropada isə artıq 10 yaşdan bu idman növünə gəlirlər. Bəlkə də, bu turniri keçirmək məqsədəuyğun deyildi. Ancaq yenə də həndbolun dirçəlişi üçün təşkilatçılığı öhdəliyimizə götürdük.
- Baş məşqçi Sergey Kambur federasiyaya hesabat verib?
- Kambur burada “Qarabağ” klubunun məşqçisidir. Bu turnir üçün yığmanı ona həvalə etmişdik. Təcrübəli mütəxəssisdir, SSRİ dönəmində yeniyetmə qızlarla işləyib. Burada da nəsə etmək istəyir. Amma özü də etiraf edir ki, indiki durumda heç kim uğur qazana bilməz. Yəqin ki, yaxın müddətdə hesabat verəcək, fikirlərini bildirəcək.
- Belə çıxır ki, Kambur baş məşqçi postunda qalmaya bilər?
- Onun burada çalışdığı klub var. Təcrübəsini nəzərə alıb yığmaya gətirmişdik. Başqa mütəxəssislə də anlaşa bilərik. Kamburun hesabatından sonra federasiya baş məşqçi məsələsinə aydınlıq gətirəcək.
- Bakıya gələn qonaqlar təşkilatçılıqdan məmnun qaldılar?
- Azərbaycan həndbolda sonuncu dəfə 2002-ci ildə “Çağırış Kuboku”na ev sahibliyi etmişdi. Yəni 20 ildən çox idi ki, beynəlxalq turnirə təşkilatçılıq etmirdik. Bunu qonaqlara da demişdik. Bu ildən fəal şəkildə həndbolun inkişafı üçün addımlar atmağa başlamışıq. Bura gələn qonaqlar da təşkilatçılıqdan razılıq bildirdilər. Avropa Həndbol Federasiyasının nümayəndəsi isə buradakı şəraitin yüksək səviyyədə olduğunu vurğuladı.
- Federasiyanın yaxın gələcəkdə daha mötəbər yarışa ev sahibliyi etmək planı var?
- Bizə bu yarışı keçirməyi Avropa Həndbol Federasiyası təklif etmişdi. Bu səviyyədə turnirə illərdir təşkilatçılıq etməmişik. Federasiyanın əvvəlki rəhbərliyi bununla məşğul olmurdu. Yeni federasiya prezidenti Avropa Həndbol Federasiyasının rəhbərliyi ilə görüşlər keçirib. Onlar bildiriblər ki, sizin probleminiz bizə yaxın olmamağınız, Azərbaycanda turnirlər təşkil etməməyinizdir. Adətən bu cür yarışları Gürcüstan keçirir. Biz isə bu ildən başlamışıq. Amma mütləq hər il hansısa bir turnirə ev sahibliyi etmək istəyirik. Burada nə qədər çox yarış təşkil etsək, Avropa Həndbol Federasiyası da bizə öz köməyini əsirgəməyəcək. Bunu özləri də deyirlər. Hətta təklif ediblər ki, bura "ustad dərsi", seminar keçmək üçün məşqçilər, hakimlər göndərməyə hazırdırlar. Federasiyamızın yeni rəhbərliyi onlarla münasibətləri artıq bərpa edib, əlaqələr genişləndirilir.
- Bu qızlar gələcəkdə əsas yığmanın potensial üzvləri sayılırlar. Belə demək olar ki, yaxın 5-10 ildə Azərbaycan həndbolunun durumu parlaq görünmür?
- Bu fikirlə razı deyiləm. Amma inkişaf etmək üçün qızlar daha erkən yaşdan həndbola gəlməlidirlər. Artıq bütün regionlarda komandalar yaratmaq üçün çalışmalara başlamışıq. Təxminən iki ildən sonra 20-30 yox, 200-300 həndbolçu arasından seçim apara biləcəyik. Rayonlarda məşqçilər tapmışıq, yeni yaradılan komandalara toplar vermişik. Demirəm ki, 1-2 ilə nəsə edəcəyik. Amma federasiya bu cür çalışsa, uzağı 5 ilə həndbolun nə qədər inkişaf etdiyini görəcəksiniz.
- Təhsil Nazirliyi ilə bu yöndə hansısa işbirliyi planlaşdırılmır?
- Orta məktəblər arasında həndbol yarışı keçirmişdik, Bakı məktəblərindən çox sayda komanda iştirak etmişdi. Problem ondadır ki, Bakıda cəmi iki idman məktəbində həndbol bölməsi var. Orada da 3-4 məşqçi işləyir. Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişik ki, məktəblərdə həndbol bölməsi açılsın. Məktəblərdə işləyə biləcək məşqçilərimiz də var. Sağ olsunlar, gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva bildirdilər ki, nazirliyin nəzdində olan idman məktəblərində şöbələr açacağıq. Bizdən artıq 10 məşqçinin adını götürüblər. Problemlərimizdən biri də həndbolda böyük kütlənin olmamasıdır. Güləşdə fit çalsalar, bir yarışa 5000 adam gələr. Biz isə güc-bəla ilə 5-10 komanda yığırıq. Bizdə idman məktəbləri çox azdır.