Azərbaycan Basketbol Federasiyasının (ABF) 2024/2025 mövsümünə aid klublarla gündəlikdə olan məsələlərlə bağlı müzakirə xarakterli görüşü baş tutub.
"Report" ABF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman sarayının konfrans zalında baş tutan görüşdə federasiya prezidenti Emin Əmrullayevlə yanaşı, rəyasət heyətinin üzvləri, digər federasiya rəsmiləri və klub nümayəndələri də iştirak ediblər.
Gündəlikdə Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa və klublara bağlı U-14 Liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb. İclasda bütün klub rəsmilərinin fikirləri federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb. Sonda E.Əmrullayev qarşıdakı günlərdə yekun qərarların klub rəsmilərinə bəyan ediləcəyini söyləyərək, görüşü yekunlaşdırıb.