Yaponiya şirkətlərinin Orta Dəhlizə cəlb edilməsi müzakirə edilib
- 25 oktyabr, 2022
- 11:12
Yaponiyanın qlobal nəqliyyat və logistika şirkətlərinin təmsil olunduğu nümayəndə heyətinin Bakı Limanına səfəri çərçivəsində Orta Dəhliz vasitəsilə Şərq və Qərb arasında tranzit yükdaşımaları maksimum dərəcədə artırmaq üçün Yaponiya şirkətlərini dəhlizə cəlb etmək imkanları müzakirə edilib.
“Report” bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, Görüşdə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO), JBIC kimi 20-yə yaxın aparıcı logistika və nəqliyyat təşkilatları və şirkətlər olan nümayəndə heyəti iştirak ediblər.
Azərbaycan tərəfindən isə görüşdə Bakı Limanı ilə yanaşı "Azərbaycan Dəmir Yolları" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-lər, eləcə də Tranzit Yük Daşımaları üzrə Koordinasiya Şurasının rəsmiləri iştirak ediblər. Qonaqlara, regional əlaqədə aparıcı rol oynayan Bakı Limanı vasitəsilə Avropa və Asiya arasında operativ formada yükdaşımaların həyata keçirilməsi barədə məlumat verilib. Eyni zamanda nümayəndə heyəti Azərbaycanın üzərindən tranzit daşımaların idarə edilməsi sistemində səmərəli və sürətli yük daşımalarının tək mexanizm kimi gücləndirmək üçün rəqəmsal həllər və alətlər haqqında məlumatlandırılıb.
Görüş iştirakçıları, həmçinin qlobal səviyyədə böyük marağa səbəb olan Orta Dəhliz vasitəsilə Şərq və Qərb arasında tranzit yükdaşımaları maksimum dərəcədə artırmaq üçün Yaponiya şirkətlərini cəlb etmək imkanları haqqında da müzakirələr aparıblar.