“SOCAR Broker” qlobal bazara çıxışı üçün “Lloyd's”un lisenziyasını əldə edib
- 11 mart, 2024
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan “SOCAR Sığorta və Təkrarsığorta Brokerliyi” dünyanın aparıcı sığorta və təkrarsığorta bazarı hesab edilən “Lloyd's”da səlahiyyətli broker kimi biznes fəaliyyəti üçün lisenziya alıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, “SOCAR Broker” dünya üzrə 300 mindən çox broker arasında bir neçə qurumun aldığı “Lloyd's” lisenziyası ilə qlobal oyunçular sırasına qoşulub.
Açıqlamaya əsasən, Türkiyədə bu sahədə fəaliyyət göstərən 195 broker şirkəti arasında “Lloyd's” lisenziyasına sahib 4-cü qurum “SOCAR Broker” şirkətidir.
Bildirilir ki, şirkət mütəxəssis heyəti ilə “SOCAR Türkiyə” qrup şirkətləri və onların maraqlı tərəfləri başda olmaqla bütün müştərilərinə sığorta və təkrarsığorta broker xidmətləri təklif edir. Yerli və beynəlxalq sığorta bazarının ən etibarlı şirkətləri ilə müqavilələr bağlayan “SOCAR Broker” sığorta və təkrarsığorta həllərini korporativ və fərdi müştərilərinə bazarda ən yaxşı şərtlər və zəmanətlərlə təqdim edir.