Rəşad Göyüşov: "Hədəfimiz tam karbon neytral donanma yaratmaqdır" - MÜSAHİBƏ

Rəşad Göyüşov: "Hədəfimiz tam karbon neytral donanma yaratmaqdır" - MÜSAHİBƏ 111111
İnfrastruktur
8 aprel 2025 16:37
Rəşad Göyüşov: Hədəfimiz tam karbon neytral donanma yaratmaqdır - MÜSAHİBƏ
Rəşad Göyüşov

İqlim dəyişikliyi və ətraf mühitin qorunması bu gün həm ekoloji, həm də iqtisadi və texnoloji inkişafın əsas istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə “yaşıl gəmiçilik” beynəlxalq səviyyədə prioritet sayılır. Azərbaycan da bu prosesə qoşularaq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) vasitəsilə ekoloji məsuliyyəti artırmaq və dayanıqlı inkişafı təmin etmək üçün ardıcıl addımlar atır.

ASCO-nun texniki direktoru Rəşad Göyüşov “Report”a müsahibəsində bu sahədə görülən işlər və tətbiq olunan yeniliklər barədə danışıb.
Həmin müsahibəni təqdim edirik:

- “Yaşıl gəmiçilik” siyasəti nədir və ASCO-nun bu istiqamətdə əsas prioritetləri nələrdən ibarətdir?

- “Yaşıl gəmiçilik” siyasəti dedikdə, gəmiçilik sektorunda ətraf mühitə zərərli təsirin minimuma endirilməsi, eyni zamanda daşımaların səmərəliliyinin artırılması nəzərdə tutulur. Bu siyasət karbon emissiyalarının azaldılması, yanacaq sərfiyyatının optimallaşdırılması və alternativ enerji mənbələrindən istifadəyə keçid kimi əsas prinsiplərə söykənir.

Bu siyasət çərçivəsində ASCO-nun qısa, orta və uzunmüddətli Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planında yeni tənzimləmələrə cavab verən texnologiyaların tətbiqi və donanmanın modernləşdirilməsi, yeni və mövcud alternativ enerji mənbələrinin ASCO donanmasında istifadəsi üçün araşdırmaların aparılması, daha səmərəli mühərrik sistemləri və enerji idarəetmə texnologiyalarının tətbiqi ilə yanacaq sərfiyyatının azaldılması, gəmi heyətinin və ictimaiyyətin yaşıl gəmiçiliyin tələbləri barədə məlumatlandırılması üçün mütəmadi təlimlər və seminarların təşkil edilməsi kimi vacib məsələlər yer alıb.

- ASCO IMO-nun tələblərinə uyğunlaşmaq üçün nə kimi işlər görür?

- ASCO 2050-ci il üçün IMO tərəfindən qoyulan karbon emissiyalarının azaldılması hədəflərinə çatmaq məqsədilə bir neçə strateji addım atır. Bunlar arasında yeni tikilən gəmilərdə müasir texnologiyaların və alternativ enerji mənbələrinin inteqrasiyası, mövcud donanmanın enerji səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının optimallaşdırılması və gəmi güc qurğularının yenilənməsi kimi tədbirlər var. Eyni zamanda, köhnə və kommersiya baxımından rentabelli olmayan gəmilərin mərhələli şəkildə istismardan çıxarılması da bu strategiyanın bir hissəsidir. Uzunmüddətli hədəfimiz 2050-ci ilədək tam karbon neytral bir donanma yaratmaqdır.

- Məsələn, gəmilərin enerji səmərəliliyini artırmaq üçün hansı innovasiyalar tətbiq olunur?

- ASCO gəmilərində pilot layihə kimi “EcoPilot” sisteminin ötən aydan tətbiqinə başlanıb və sistem sınaqdan keçirilir. Analizlər qənaətbəxş hesab edildiyi təqdirdə, onun digər gəmilərdə də istifadəsi nəzərdə tutulur. Bundan əlavə, gəmilərin sualtı hissəsində hava qabarcıqlarından istifadə edilməsi texnologiyası, gəmilərin vint kompleksinin optimallaşdırılması, gövdə hissələrinin xüsusi axın yönləndirici ilə təchiz edilməsi, “Flender” rotorlarının quraşdırılması, ikili yanacaq mühərriklərinin inteqrasiyası və yeni tikilən gəmilərdə hibrid enerji sistemlərinin istifadəsi üzərində işlər aparılır. Bütün bu tədbirlərin nəticəsində ASCO 2009-cu illə müqayisədə karbon emissiyalarını 20 %-ə qədər azalda bilib.

- Beynəlxalq və yerli normativ aktlara uyğun olmaq üçün ASCO hansı addımları atır?

- ASCO beynəlxalq və yerli tənzimləmələrə tam uyğun olmaq üçün mütəmadi olaraq gəmilərinin illik texniki göstəricilərini analiz edir və hesabatlarını beynəlxalq təsnifat cəmiyyətlərinə təqdim edir. Bu hesabatlara yanacaq sərfiyyatı, daşınan yük göstəriciləri, dizayn və istismar karbon indeksləri daxildir. Eyni zamanda, qeyd etdiyim kimi, ASCO mövcud və yeni beynəlxalq tələblərə cavab vermək üçün gəmilərində ən son texnologiyaları tətbiq edir. Bu sahədə aparıcı təsnifat cəmiyyətləri ilə əməkdaşlıq edir, o cümlədən ABS, DNV, LR, RINA və BV ilə mütəmadi olaraq iş aparırıq.

- ASCO ictimaiyyəti və əməkdaşlarını dayanıqlı gəmiçilik barədə məlumatlandırmaq üçün hansı təşəbbüslər həyata keçirir?

- Biz ictimaiyyətin və əməkdaşlarımızın “yaşıl gəmiçilik” mövzusunda məlumatlılığını artırmaq üçün bir sıra təşəbbüslər həyata keçiririk. İlk növbədə, şirkət daxilində mütəmadi təlimlər və seminarlar təşkil edirik. Bundan əlavə, ictimaiyyətin maarifləndirilməsi üçün sosial media və rəsmi sayt üzərindən mütəmadi məlumatlar paylaşılır. Eyni zamanda, ASCO beynəlxalq və yerli konfranslarda, seminar və sərgilərdə aktiv iştirak edərək yaşıl gəmiçilik sahəsindəki qabaqcıl təcrübələri bölüşür.

Orphus sistemi