Qazaxıstan yükgöndərənlərinə modernləşdirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmri yolu xəttinin imkanları təqdim olunub.
Bu barədə “Report”a “Qazaxıstan Dəmir Yolları” SC-nin mətbuat xidmətindən məlumat verilib.
Təqdimat səhmdar cəmiyyəti yanında İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinin təşkil etdiyi görüşdə baş tutub.
"Modernləşdirmədən sonra BTQ-nin ötürücülük qabiliyyəti 5 dəfə artırılaraq ildə 1 milyon tondan 5 milyon tona qədər çatıb. Magistral yolun elektrikləşdirilməsi tam başa çatdırılıb. Axalkalaki stansiyası yenidən qurulub. Layihə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizlə yükdaşımaların dəyərinin azaldılması hesabına tranzitin artırılması məqsədilə həyata keçirilib. Marşrut Qara dəniz limanlarından yan keçməklə Asiya və Avropa arasında yüklərin çatdırılmasını sürətləndirəcək, dəniz və avtomobil nəqliyyatı ilə daşımalarla müqayisədə daha sərfəli olacaq”, - məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, bu ilin sonuna qədər Gürcüstan və Azərbaycan tərəflərinin iştirakı ilə birgə müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisə tarif siyasətinin formalaşdırılması və marşrutla daşınma şərtləri üzərində işləyəcək.
“Bu ilin 7 ayı ərzində Qazaxıstan və Azərbaycan Dəmir Yolları arasında daşımaların həcmi 37 % artaraq 3,2 milyon tona çatıb. Orta Dəhlizlə 1,9 milyon ton yük daşınıb ki, bu da ötən ilin eyni göstəricisindən 23 % çoxdur”, – məlumatda bildirilib.