Misir prezidenti Süveyş kanalında hərəkətin bərpa edildiyini açıqlayıb

Misir prezidenti Süveyş kanalında hərəkətin bərpa edildiyini açıqlayıb Gəmini bazar ertəsinə keçən gecə saydan çıxarmaq mümkün olub
İnfrastruktur
29 Mart , 2021 15:27
Misir prezidenti Süveyş kanalında hərəkətin bərpa edildiyini açıqlayıb

Misir prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının dayaz yerində ilişib qalmış “Ever Given” konteyner gəmisinin saydan çıxarılması üzrə əməliyyatın uğurla başa çatdığını və kanalda hərəkətin bərpa olunduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə prezident tvitter səhifəsində yazıb.

“Misirlilər əməliyyatın müxtəlif aspektlərindəki böyük texniki çətinliklərə baxmayaraq, Süveyş kanalında saya oturmuş gəmi ilə əlaqədar böhranı sona çatdıraraq uğur əldə edib. İndi dünya bu həyati vacib arteriya boyunca daşınan mallarla bağlı vəziyyət normaya qayıtdıqdan sonra sakit ola bilər”, - prezident qeyd edib.

Martın 23-də saya oturmuş gəminin saydan çıxarılması əməliyyatı gecə-gündüz davam edib, dərinləşdirmə işləri aparılıb, daha sonra 15-dən çox yedək gəmisi işə qoşulub. Gəmini bazar ertəsinə keçən gecə saydan çıxarmaq mümkün olub.

Qeyd edək ki, uzunluğu 400 metr olan “Ever Given” yük gəmisinin yükgötürmə qabiliyyəti 224 min tona bərabərdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirkən kanalın 151-ci kilometrliyində saya oturmuşdu.

Əlavə edək ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalının uzunluğu 163 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Qlobal dəniz yük dövriyyəsinin 10-12%-i kanalın payına düşür. Hər gün kanaldan Avropadan Asiyaya və əks marşrutla hərəkət edən onlarla gəmi keçir.

Son xəbərlər

Orphus sistemi