“Azərbaycan Hava Yolları” və “Lufthansa Technik AG” şirkəti Azərbaycan Respublikasının milli aviadaşıyıcısının “Boeing 787 Dreamliner” geniş gövdəli uzun məsafəli təyyarələri üçün Tam Komponent Dəstəyi (TCS) ilə bağlı beşillik kompleks müqavilə imzalayıb.
Bu barədə "Report"a AZAL-dan bildirilib.
Məlumata görə, "Lufthansa Technik” AZAL-a komponent dəstəyi xidmətləri göstərəcək.
Mayın 1-dən qüvvəyə minəcək TCS müqaviləsi “Azərbaycan Hava Yolları”nın texniki fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək. Daşıyıcının ilk TCS müqaviləsi ona “Lufthansa Technik”in qlobal ehtiyat hissələri sisteminə 24/7 giriş imkanı verəcək. Digər xidmətlər arasında TCS ehtiyat hissələrin ən qısa müddətdə çatdırılmasına zəmanət verən AOG (Aircraft on Ground) dəstəyini əhatə edir. Hava gəmilərinə texniki xidmətlərin göstərilməsi üçün mühüm strateji addım olan müqavilə aviadaşıyıcının planlaşdırılan donanma genişləndirilməsini asanlıqla əhatə edə bilməsi üçün əlavə çeviklik təmin edərək tərtib edilib.
"Uçuşların təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan Hava Yolları”nın ən yüksək prioritetidir. Aparıcı ehtiyat hissələri tədarükçüsü “Lufthansa Technik” ilə müqavilənin imzalanması bunun bariz nümunəsidir", - deyə "Azərbaycan Hava Yolları"nın birinci vitse-prezidenti Samir Rzayev qeyd edib.
“Biz etibarlı komponent dəstəyimizlə “Azərbaycan Hava Yolları”nı inkişaf yolunda dəstəkləməkdən və onların flaqman təyyarələrinə xidmət göstərməkdən xüsusilə şərəf duyuruq. Bu müqavilə sayəsində “Lufthansa Technik” qlobal MRO sənayesində etibarlı tərəfdaş kimi görkəmli nüfuzunu təsdiqləyir və MDB-də bazar payını daha da genişləndirir”, - Mərkəzi Avropa və MDB-nin satiş üzrə vitse-prezidenti Andreas van de Kuil vurğulayıb.