Kürdəmirdə 12 kəndin 10 000-dən çox əhalisinin mütəmadi olaraq istifadə etdiyi Mollakənd-Axtaçı yolunun keçilməz olması sakinlərin narazılığına səbəb olub.
Sakinlər ”Report”un Yuxarı Şirvan bürosuna bildiriblər ki, adıçəkilən yolun 25 kilometrlik hissəsi 2015-ci ildə inşa olunub. “Yolun bir hissəsində işlərin keyfiyyətsiz aparılması yolun dağılmasına səbəb olub. Nəticədə üstündən az keçməmiş yolda çalalar yaranmağa başlayıb. Hazırda həmin yolun bir hissəsi tamamilə yararsız vəziyyətdədir. Sürücülər bu yoldan istifadə etməyə çətinlik çəkirlər. Yolun bəzi hissələrində çalaların dərinliyi təqribən 25-30 sm çatır ki, bu da avtomobillərin bu yoldan istifadə etməsini mümkünsüz edir. Hər dəfə bu yoldan keçdikdən sonra avtomobildə müxtəlif nasazlıqlar baş verir”.
Məsələ ilə bağlı “Report”un yerli bürosuna məlumat verən Kürdəmir rayon 21 saylı Yol İstismarı MMC-nin direktoru İlham Əzizli bildirib ki, hazırda həmin yolda təmir-bərpa işlərinə başlanılıb: “Yolun bir hissəsi təmir olunub və əsas təmirə ehtiyac olan ərazilər də yaxın aylarda təmir olunaraq əhalinin istifadəsinə veriləcək”.