İnkişaf etməkdə olan şəhərlərdə köhnə binaların yeni və müasir binalarla əvəzlənməsi qaçılmaz bir prosesdir. Bu proses zamanı bina sakinləri ilə şirkətlər arasında müəyyən razılaşmalar olur, şirkətlər müəyyən öhdəliklər daşıyır. Bəs Azərbaycanda sökülən binaların sakinlərinə qarşı tikinti şirkətləri hansı öhdəliklərə malikdir? Verilən vədlər nə dərəcədə yerinə yetirilir? Bu cür hallar zamanı hüquqları pozulan sakinlər nə etməlidir?
Mövzu ilə bağlı “Report”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, bu məsələlər müvafiq dövlət qurumları tərəfindən tənzimlənməlidir: “Bəzi Mənzil-Tikinti Kooperativləri (MTK) bu cür hallarda özbaşınalıq nümayiş etdirirlər, vətəndaşların hüquqlarını pozurlar. Bu da vətəndaşları çıxılmaz vəziyyətə salır. Bunun üçün ilk növbədə ərazilərdə söküntü işləri zamanı kompensasiya məqsədilə müəyyən olunmuş məbləğlər, müvafiq qiymətləndirmə qurumları tərəfindən aparılmalıdır. Bu işi görən AQC, ayrı-ayrı nüfuzlu şirkətlər var. Qiymətlər ərazilər üzrə dəyişir və bu, nəzərə alınmalıdır”.
AQC sədri qeyd edib ki, mərkəzə yaxın bir ərazidə hər hansı bir vətəndaş Konstitusiya ilə təsbit olunmuş hüququndan müvəqqəti məhrum edilirsə, yeni bina tikilənə qədər həmin ailələrin mənzil problemləri həll olunmalıdır: “Yəni əvvəl yaşadığı binaya yaxın bir ərazidə bazar qiymətlərinə uyğun olaraq kirayə mənzillər üçün məbləğ ayrılmalıdır. Həmin məbləğlə həmin vətəndaşlar təmin olunmalıdır və vətəndaşlarla MTK arasında konkret müqavilə bağlanmalıdır. Məsələn, köhnə binanın yerində tikilən yeni bina 6 ay və ya 1 il müddətinə hazır olacaq. Bu zaman vətəndaş əvvəl malik olduğu mənzilin kvadratına, otaq sayına və bazardakı dəyərinə uyğun şəkildə mənzillə təmin olunmalı, hüquqları qorunmalıdır”.
Binası sökülən sakinlərin kirayə mənzillərlə təmin olunması məsələsinə toxunan V. Oruc bu zaman da hüquqların pozulması faktlarının aşkarlandığını diqqətə çatdırıb: “Bəzən müşahidə edirik ki, kirayə məbləğləri 6 ay müddətində ödənilir, amma binanın tikintisi bir il davam edir. Bu da vətəndaşın büdcəsinə çox ciddi zərbə vurur. Bəzən də komfort yaşayış şəraiti təmin olunmur. Bir sıra tikinti şirkətləri çalışırlar ki, vətəndaşlara müəyyən məbləğ ödəsinlər və həmin ərazidə tikilən binada deyil, başqa ərazilərdə özlərini yeni mənzillə təmin etsinlər. Bu zaman da, tam ədalətli yanaşma tətbiq olunmur. Məsələn, vətəndaş şəhərin mərkəzində yaxud yaxın rayonlarda yaşayır. Ona verilən məbləğ imkan vermir ki, müasir, müvafiq bazar təkliflərinə uyğun, əvvəlki yaşayış yerinə yaxın ərazidə mənzil əldə etsin”.
Onun sözlərinə görə bu cür problemin həlli üçün müəyyən komissiya yaradılmalıdır. “Həm Bakı Şəhər İcra Hakimiyyətinin, həm MTK-nın, həm də Azərbaycan Qiymətləndirə Cəmiyyətinin və yaxud da ki, hər hansı bir tanınmış qiymətləndirmə şirkətlərinin iştirakı ilə birgə bir komissiya yaradılmalıdır. Həmin komissiya ərazidəki mənzillərin bir kvadratmetrinin dəyərini müəyyən etməlidir. Vətəndaşın mövcud yaşayış şəraiti təhlil olunmalı və araşdırılmalıdır. Hesab edək ki, vətəndaş 30 kvadratmetrlik ərazidə yaşayır və müvafiq qiymətlərə görə ona 60 min manat verilir. Lakin 60 min manata Bakının kəndlərində də ev tapmaq çətindir. Ona görə də bütün bu məsələlər nəzərə alınmalı və ciddi şəkildə araşdırılandan sonra ədalətli qərar verilməlidir”.
AQC sədri yarımçıq qalan binaların tikintisini davam etdirmək istiqamətində də müvafiq addımların atıla biləcəyini söyləyib: “Əgər tikinti şirkəti və yaxud MTK həmin binaları tikmək imkanına malik deyilsə, müəyyən kreditlər ayrıla bilər ki, həmin binalar sona çatdırılsın. Eyni zamanda, hüquq mühafizə orqanları qarşısında məsələ qaldırılmalıdır ki, ölkə vətəndaşlarının yaşamaq hüququ əlindən alınırsa, bu məsələdə hər hansı bir kompensasiya ödənmirsə, bağlanmış müqavilələrə əməl olunmursa, yaxud da müqavilə əvəzinə şifahi razılaşmalar varsa və buna da əməl olunmursa, MTK rəhbərləri çox ciddi şəkildə məsuliyyətə cəlb olunsunlar. Çünki, əsas məsələ vətəndaşların hüquqlarının təmin etməkdir və Azərbaycan Konstitusiyasının bütün bəndlərinin, o cümlədən insan hüquqları və vətəndaş hüquqları ilə bağlı hissələrinin əməl olunduğunu sübuta yetirməkdir”.
V. Oruc hesab edir ki, bütün bunları nəzərə alaraq müvafiq dövlət qurumlarına müraciət edilib ki, proses vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində bazar qiymətləri əsasında aparılsın və eyni zamanda, vətəndaşların əvvəlki şəraitinə uyğun, komfort səviyyəsi yüksək olan mənzillə təmini istiqamətində addımlar atılsın.
"Azərbaycan inkişaf edir. İnkişaf etməkdə olan ölkənin öz meyarları var. Həmin meyarlar ondan ibarətdir ki, əgər köhnə binaları sökülərsə və əvəzində yeni binalar tikilərsə vətəndaşlar da bu binalara köçürülməlidir. Bu cür problemlərin baş verməməsi üçün ciddi şəkildə dövlət nəzarəti və ictimai nəzarətin təmin olunmasını həll etmək lazımdır. Təkcə birtərəfli nəzarətlə iş bitmir. Eyni zamanda bu cür hallara qarşı ictimai nəzarət də olmalıdır”, - deyə AQC-nin sədri vurğulayıb.