İmişli rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq diqqətdə saxlanılır.
"Report"un Muğan bürosunun məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində növbəti mərhələdə rayonun Yalavac kəndində şəhid Musayev Alik Rafiq oğlu, Göbəktala kəndində şəhid Hüseynov Nurlan Madər oğlunun adlarını daşıyan, Nurulu kəndində şəhid Akif Bayramovun adına olan məktəbə gedən avtomobil yolunun və Qaragüvəndikli kəndində şəhid Quliyev Elgün Fuad oğlunun ailəsinin yaşadığı küçəyə yeni asfalt örtük salınıb.
Sözügedən yollarda tikinti norma və standartlarına uyğun olaraq aparılıb və bu yolla hərəkət zamanı yaranmış çətinliklər aradan qaldırılıb.
Bundan əvvəl Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Tural İlham oğlunun, Gülalıyev Əlnur Seymur oğlunun və antiterror tədbirlərində şəhid olan Babaşov Ucal Nərbala oğlunun ailə üzvlərinin yaşadıqları rayonun Xəlfəli kəndində kənddaxili yollar asfaltlanıb.