Gəncədə bir neçə qəsəbənin yol və küçələri bərbad vəziyyətə düşüb

İnfrastruktur
  • 26 dekabr, 2022
  • 08:09
Gəncədə bir neçə qəsəbənin yol və küçələri bərbad vəziyyətə düşüb

Gəncə şəhərində bir neçə qəsəbənin yol və küçələri bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Qərb bürosuna şəhər sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, yağıntılı hava şəraiti vəziyyəti daha da acınacaqlı edib. Sakinlər deyib ki, Gəncə şəhərində illərdir bir çox sahədə yenidənqurma və təmir-bərpa işləri aparılsa da, təəssüf ki, şəhərin bir çox küçə və qəsəbələrində avtomobil yollarının acınacaqlı vəziyyəti aradan qaldırılmır.

Sakinlər buna misal olaraq, 3-cü və 4-cü mikrorayon, eləcə də Məhsəti və Natavan qəsəbələrinin ərazilərində bərbad vəziyyətə düşən yolları göstəriblər. Yerli əhali söyləyib ki, yolların problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək əməli olaraq heç bir tədbir görülməyib:

"Doğrudur, şəhərin bir neçə küçəsində yolların təmiri işlərinə rast gəlmək mümkündür, lakin çəkilən yeni asfalt örtükləri norma və standartlara uyğun olmadığı üçün bir müddət sonra yenidən dağılıb. Yağış yağdıqda dağılmış asfalt örtüyünün üzərindəki çuxurlara yağış suyunun dolması isə nəqliyyat vasitələri üçün əlavə problemlər yaradır. Belə ki, su ilə dolan çuxur görünmədiyi üçün avtomobillərin təkərləri qəfildən oraya düşür və maşınların ehtiyat hissələrinin tez-tez sıradan çıxmasına səbəb olur".

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur.

Qeyd edilib ki, küçələrin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması işləri şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır:

"Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçirilir. Bu proqram çərçivəsində mərhələli şəkildə şəhərin küçə və qəsəbələrində yollar təmir olunacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti