G7-nin Orta Dəhlizə investisiyası: Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi

İnfrastruktur
  • 09 may, 2024
  • 14:09
G7-nin Orta Dəhlizə investisiyası: Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi

Transkontinental Avrasiya ticarətində Orta Dəhlizin həlledici mövqeyini gücləndirmək üçün bu marşrut boyunca infrastrukturu daha da inkişaf etdirmək məqəsdilə həm xarici, həm də daxili davamlı investisiyaların cəlb edilməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin struktur bölməsi olan “Fitch Solutions”ın araşdırmasında deyilir.

2023-cü il G7 sammitində qəbul edilmiş 600 milyard ABŞ dollarlıq qlobal infrastruktur öhdəliyi Kurık limanının imkanlarının genişləndirilməsi və dəhliz boyu multimodal nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi kimi hədəf təşəbbüslər üçün nəzərdə tutulub.

“Xorqos-Şərq Qapısı” xüsusi iqtisadi zonasındakı dünyanın ən böyük quru limanı Qazaxıstan və Çin arasında ticarət dövriyyəsini artırmaq və bununla da bazarın nəqliyyat şəbəkəsini gücləndirmək üçün nəzərdə tutulub.

“Fitch Solutions” hesab edir ki, Qazaxıstanın dəmir yolu yükdaşımaları sektoru 2024-cü ildə 9,9 % illik artımla və 2024-2028-ci illər arasında 6 % orta illik artım tempi ilə güclü artım yaşayacaq.

Hesabat müəllifləri qeyd edirlər ki, Orta Dəhliz quru regional nəqliyyata rəqabətqabiliyyətli alternativdir, çünki o, Rusiyadan keçən Şimal marşrutundan təxminən 2 000 km qısadır və getdikcə daha sərfəli nəqliyyat variantları təklif edir. 2021-ci ildən 2023-cü ilə qədər olan dövrdə Şimal Dəhlizində iyirmi fut ekvivalent vahid (TEU) konteyner həcmlərinin əhəmiyyətli dərəcədə (65,9 %) azalması Orta Dəhlizin xeyrinə olub və nəticədə yük daşımalarının həcmi 2022-ci ildə 32,8 %, 2023-cü ildə isə 86 % artıb.

“Bu marşrut qitələrarası ticarət üçün əlverişli kanala çevrilir, Asiya və Avropa şirkətlərinə təchizat zəncirinin artan çevikliyini təmin edir. Qeyd etmək lazımdır ki, bu marşrut şirkətlərə geosiyasi risklərdən yan keçməyə imkan verir, ənənəvi nəqliyyat dəhlizlərini təkcə son təyinat ölkələri ilə deyil, həm də yol boyu iqtisadiyyatlarla ticarəti genişləndirən iqtisadi kanallara çevirir.

Qazaxıstanın yaxşı inkişaf etmiş neft, qaz və uran sənayesi Orta Dəhliz boyu artan yük axınından faydalanacaq. Üstəlik, Avropa, Çin və G7 ölkələri iqtisadi cəhətdən səmərəli və alternativ marşrut kimi Orta Dəhlizin imkanlarını artırmaq üçün Qazaxıstanda və digər regional bazarlarda infrastruktura əhəmiyyətli sərmayələri qoyurlar. Ticarətin səmərəliliyini artırmaq və əməliyyat maneələrini azaltmaq üçün Qazaxıstan, Gürcüstan və Azərbaycan həm də kompleks xidmətlər və etibarlı çatdırılma müddətləri təklif edən, Çin, Avropa, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında ticarət üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu genişləndirən “Middle Corridor Multimodal” şirkətini yaradıblar”, - “Fitch Solutions” vurğulayır.

Agentlik uzunmüddətli perspektivdə xarici investisiyaların bazarın logistika infrastrukturunun, xüsusən də Rusiyadan yan keçən marşrutların inkişafında əsas rol oynayacağını gözləyir.

“Bununla belə, BMT-nin məlumatına görə, Qazaxıstan Rusiyanın idxalı üçün vacib keçid məntəqəsi rolunu oynayır, Mərkəzi Asiyadan idxalın 26,6 %-i məhz Qazaxıstanın payına düşür. Bu, Qazaxıstanın Rusiya və Mərkəzi Asiya bazarları arasında ticarət axınlarının optimallaşdırılmasına əhəmiyyətli töhfəsini göstərir və bununla da regionda ticarətin əsas təşviqedicisi kimi mövqeyini gücləndirir. Avropa-Asiya marşrutu üzrə ticarətin Şimaldan Orta Dəhlizədək davam etdiyini nəzərə alsaq, Qazaxıstan hər iki marşrutun təqdim etdiyi imkanlardan faydalanmaq üçün strateji mövqeyə malikdir”, – araşdırmada deyilir.

Xatırladaq ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2023-cü ildəki 2,8 milyon tondan 2024-cü ildə 4,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır.