Elnur Bağırov: "Sağlam rəqabət mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir"
- 14 oktyabr, 2026
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsində bazar institutlarının təkmilləşdirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən islahatlar ölkənin iqtisadi dayanıqlığının güclənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, sahibkarlıq və investisiya imkanlarının genişlənməsinə, dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verib və verəcək: "Bu siyasətin məntiqi davamı olaraq iqtisadi inkişafın yeni mərhələsində bazar institutlarının təkmilləşdirilməsi, özəl təşəbbüs üçün daha geniş imkanların yaradılması və sağlam rəqabət mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məhz dövlət başçısının strateji baxışının nəticəsi olaraq 2024-cü ildə Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və Azərbaycan Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin 2025-ci il 25-ci il 12 fevral tarixli fərmanı rəqabət siyasətinin hüquqi və institusional əsaslarını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu çərçivədə rəqabət siyasətinin məqsədi bazarın səmərəli fəaliyyətini təmin edən institutların gücləndirilməsi, iqtisadi fəaliyyət üçün bərabər imkanların genişləndirilməsi, investisiya və innovasiyaları təşviq edən rəqabət mühitinin formalaşdırılması və nəticə etibarilə rəqabətin ölkənin dayanıqlı iqtisadi inkişafının əsas amillərindən birinə çevrilməsidir".
O qeyd edib ki, məhz bu strateji yanaşmanın davamı olaraq ölkə Prezidentinin 11 sentyabr 2026-cı il tarixli sərəncamı ilə rəqabətin inkişafına və antiinhisar fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı da təsdiq edilib: "Planın əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyaların artımını stimullaşdırmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır. Bu məqsədlə bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli netrallığın gücləndirilməsi, bazar prinsiplərinin tətbiqi potensialı olan sahələrdə mərhələli keçid imkanlarının qiymətləndirilməsi, ölkə və regional regionlar üzrə rəqabət səviyyəsinin ölçülməsi, elmi və məlumat əsaslı təhlilin inkişafı, rəqabət mədəniyyətinin yüksəldilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur".