Özbəkistan Avropa bazarlarına ən qısa zamanda çıxışa kömək edəcək Zəngəzur dəhlizinin bərpasına maraq göstərir.
Bunu "Report"a açıqlamasında Özbəkistanın "İnkişaf strategiyası" mərkəzinin icraçı direktoru Eldor Tulyakov deyib.
Ekspert qeyd edib ki, Daşkənd Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi məsələsində Bakının Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətlərinin Xəzər dənizinə qədər uzanmasında marağını dəstəkləyir: "Bu, Özbəkistan və Azərbaycanın beynəlxalq tranzit sistemindəki mövqelərini xeyli gücləndirəcək və Mərkəzi Asiya dövlətlərini, Azərbaycanı Çin və bütövlükdə Cənubi Asiya regionu ilə birləşdirən əsas quru arteriyasına çevirəcək".
Ekspert vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Mərkəzi Asiyaya və ümumilikdə Asiyaya açılan qapı ola bilər: “Hazırda Özbəkistan mallarının dünya bazarına çıxışını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından aktiv istifadə olunur”.
E.Tulyakovun fikrincə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana son səfəri ikitərəfli mədəni-humanitar əlaqələrin genişlənməsinə təsir göstərəcək: “Möhkəm dostluq və həmrəylik əlaməti olaraq Özbəkistan lideri Türk Şurasının 2021-ci ildə keçirilən qeyri-rəsmi sammitində Özbəkistanın Qarabağın bərpasına töhfə verməyə hazır olduğunu qeyd edib. Özbəkistan Prezidentinin təşəbbüsünün əməli təcəssümü Füzuli şəhərində Mirzə Uluqbek adına müasir məktəbin tikintisi olub”.