“AirlineRatings.com” resursunun analitikləri sərnişinlər üçün təhlükəsiz və rahat olan ən yaxşı aviaşirkətlərin ənənəvi reytinqini dərc edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, builki reytinqin əsas kriteriyası daşıyıcıların koronavirus pandemiyasına reaksiyası olub.
1-ci yerdə daha əvvəl 9-cu olan “Qatar Airways” qərarlaşıb. Şirkət bu yerə təyyarənin salonundakı innovasiyalar, keyfiyyətli xidmət və pandemiya dövründə işə davam etməyə hazır olması sayəsində layiq görülüb.
Son 8 ildə 6 dəfə reytinqin lideri olan “Air New Zealand” 2-ci pilləyə düşüb. 3-cü yeri "Singapore Airlines” tutub. İlk 5-liyi müvafiq olaraq “Qantas” və “Emirates” tamamlayıb.
Reytinqə düşmək üşün daşıyıcının “7 təhlükəsizlik ulduzu”na sahib olması lazım gəlirdi. Təhlil edilən 350 aviaşirkətdən 7 ulduzun hamısı yalnız 150-sinə verilib.