Dünən “Boeing 737 Max” təyyarəsilə 2019-cu ilin mart ayından bu yana ilk müntəzəm uçuş həyata keçirilib.
“Report” “DW”yə istinadən xəbər verir ki, “American Airlines” şirkətinə məxsus təyyarə Mayami – Nyu-York xəttilə 100 nəfər sərnişini daşıyıb.
Xatırladaq ki, 2018-ci ilin 29 oktyabr günü “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max” Cakarta hava limanından qaldıqdan bir qədər sonra, 2019-cu ilin 10 mart günü isə “Ethiopian Airlines”a məxsus eyni tipli təyyarə Əddis Ababadan qalxdıqdan dərhal sonra qəzaya uğramış, bu iki hadisədə bütövlükdə 346 nəfər həlak olmuşdu. Bundan sonra sözügedən tipli təyyarələrin istismarına qadağa qoyulmuşdu.
Aparılan araşdırmalar zamanı hər iki hadisənin səbəbi təyyarələrdəki yeni MCAS (Maneuvering Characteristics Augmentation System - Manevretmə Göstəricilərini Artırma Sistemi) sisteminin nasaz sensordan məlumat alaraq səhv fəaliyyəti olduğunu göstərdi.
“Boeing” tərəfindən müvafiq təkmilləşdirmə işləri görüldükdən sonra Federal Aviasiya Administrasiyası (FAA) ekspertləri 20 ay ərzində tədqiqat və yoxlama işləri aparıblar. Nəhayət, 18 noyabr tarixindən FAA yeni proqram təminatı ilə təchiz edilmiş “Boeing 737 Max”ların müntəzəm uçuşlarda istifadəsinə razılıq verdi.