Bakı. 5 oktyabr. REPORT.AZ/ "Sərnişindaşıma ilə məşğul olan şirkətlərin avtobus sürücülərini işə qəbul etmək sərbəstliyi bir qədər azaldılmalıdır".
Bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda sərnişindaşımadakı problemlər, daşıyıcıların işə qəbul məsələsinə laqeyd yanaşması onu deməyə əsas verir ki, bu sahədə dövlətin rolu artırılmalı, sərnişindaşıma fəaliyyəti dövlət qurumu tərəfindən həyata keçirilməlidir.
M.Ağayev onu da deyib ki, sürücülərin peşəkarlığının artırılması diqqət mərkəzindədir: "Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və peşəkarlıqla bağlı işlər daha da gücləndiriləcək. Amma mövcud problemlərin həlli üçün sürücülərin işə qəbulu qaydalarında dəyişikliyə nail olmalıyıq. Bu gün sərnişindaşımada qeyri-peşəkar sürücülərin olması daşıyıcıların iş qəbul məsələsinə laqeyd münasibətindən qaynaqlanır. 3 ildir ki, bununla bağlı həyacan təbili çalırıq. Agentlik vəziyyətin normallaşması üçün səlahiyyətləri çərçivəsində müəyyən işlər görür".