Yağış yağdığı zaman Bakının yollarında, küçə və prospektlərində, ayrı-ayrı yaşayış massivləri və məhəllələrdə acınacaqlı vəziyyət yaranır, küçələr su altında qalır, su ilə dolmuş məhəllələrdə insanların küçəyə çıxması çətinləşir, yollarda avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır.
Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev “Report”a açıqlamasında bu problemin səbəblərindən danışıb:
“Bu problem dünyanın hər yerində var. Amma bizdə problem yağış sularının dərhal küçələrdən axıb getməsini təmin edən şəbəkənin zəif olmasındadır. Bir də son dövrlərdə bizdə yaşayış binaları həddən çox artıb. Bu zaman kanalizasiya xətlərində yüklənmələr olur. Kanalizasiya suları bizdə yağış suları ilə eyni sistemə axıb gedir. Dünyanın inkişaf etmiş ölkələrində isə elə bir sistem qurulub ki, kanalizasiya suları başqa xəttə, yağış suları isə başqa xətt ilə axır. Bizdə də belə bir ayrılma olsa, daha yaxşı olar. Belə olanda borulara düşən yükü aradan götürmək daha rahat olur.
"Köhnə yollarda yağış qəbuledici şəbəkənin tutulması problemə səbəb olur"
Yasin MustafayevYol-nəqliyyat infrastrukturu üzrə ekspert
Yağıntının miqdarı çox olanda Bakıdakı sistem bu yükü qaldıra bilmir. Bu sistemi inkişaf etdirmək lazımdır. Yeni tikilən yollarda yağış qəbuledici şəbəkənin olması nəzərə alınır. Amma onun ümumi şəbəkəyə qoşulmağında problemlər var. Adətən köhnə yollarda bu problem yaşanır. Köhnə yollarda yağış qəbuledici şəbəkənin tutulması problemə səbəb olur. Kollektorların köhnə olması, vaxtında təmizlənməməsi də başqa bir problemdir”.
Ekspertin fikrincə Bakıda yağış sularının uzaqlaşdırılması üçün şəbəkə yenidən qurulmalıdır:
"Şəbəkənin, infrastrukturun və mövcud infrastruktura xidmətin zəif olması belə nəticələrə gətirir çıxarır. Xidmət dedikdə o şəbəkənin vaxtlı-vaxtında təmizlənməsindən söhbət gedir. Su qəbuledici qurğular müxtəlif əşyaların dolması nəticəsində tutulur. Ümumiyyətlə Bakı şəhətində bu sistemi yenidən qurmaq lazımdır. Biz hər dəfə hissə-hissə müəyyən işlərin aparıldığının şahidi oluruq. Bunun üçün Bakının baş planında işlər nəzərdə tutulmalı və bir dəfə bu şəbəkə çəkilməlidir. Yağış sularının uzaqlaşdırılması üçün Bakıda şəbəkə yenidən qurulmalıdır. Bakının relyefi də çətinlik yaradır. Bakının dənizə yaxın hissələrində suyun deşarj olunmasında problemlər ortaya çıxır”.
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev də qeyd edib ki, Bakıda binaların artması kanalizasiya sistemlərinin yüklənməsinə səbəb olub:
"Binaların sayı artırılsa da, kommunikasya xətləri lazımi qədər artırılmayıb"
Elnur FərzəliyevDaşınmaz əmlak üzrə ekspert
“Bakıda yağış yağanda yolu keçmək belə olmur. Hazırda üçüncü mikrorayon dairəsində mağazaların, zirzəmilərin içi sudur. Çünki Bakının içində əlavə Bakı tikilib. Binaların sıx tikilməsi, sayının artması, əhalinin çoxalması buna təsir edən amillərdəndir. Binaların sayı artırılsa da, kommunikasya xətləri lazımi qədər artırılmayıb. Köhnə beşmərtəbələrin həyətlərində yeni binalar tikilib, amma onların sanitar qovşaqları köhnə olaraq qalıb. Ona görə də borular yüklənir və yağış sularının uzaqlaşdırılması mümkün olmur. Nəticədə binaların zirzəmisi də su ilə dolur və binanı qəzalı vəziyyətə gətirir.
“Tutalım, bir ərazidə Bakıda əhalinin az olduğu vaxtlarda kanalizasiya sistemi çəkilib, amma bu gün Bakıda əhali artıb. O kanalizasiya xətləri isə yenilənməyib. Əgər bir neçə il öncə hansısa bir yaşayış massivində kanalizasiya xətti 500 ailə üçün nəzərdə tutulubsa, bu gün o ərazidə 1000-1500 ailə yaşayır. Bu zaman həmin xətlər yüklənir və yağış sularını ötürə bilmir. Həmin borular daha böyük ölçülü borularla əvəz olunmalıdır”, - deyə ekspert bildirib.