Bakı Limanında beynəlxalq “Shipping line” mərkəzinin və onun depolarının yaradılması planlaşdırılır.
Bunu “Report”a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, bununla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır: "Artıq ilkin müqavilə var”.
X.Həsənlinin sözlərinə görə, Mərkəzi Asiyadan gələn yüklər regional konteynerlərlə 3-cü ölkələrə daşına bilməz: “Bu yüklər boşaldılmalı, daha sonra “Shipping line” konteynerlərinə yüklənməlidir. Bakı Limanında “Shipping line” mərkəzi yaradırıq ki, birbaşa “Shipping line” konteynerləri ilə işləyək, dünyanın istənilən nöqtəsinə fasiləsiz yük göndərək. Regional konteynerlərlə yük göndəriləndə onlar geri qaytarılmalıdır. Konteynerin geri qayıtması isə xərcdir, lakin “Shipping line”ların bütün dünyada mərkəzləri, depoları var, onlar bu depolarda konteynerlərini saxlaya bilirlər”.
Xatırladaq ki, "Shipping line" karqo yüklərini limandan təyinat nöqtəsinə çatdırmaqla gəmiləri idarə edən şirkətdir və dünya üzrə yüklərin 95 %-ni daşıyır.
2022-ci ildə Bakı Limanından 6,3 milyon ton, 2023-cü ilin 10 ayında isə 6,1 milyon tondan çox yük aşırılıb. Bu rəqəmin ilin sonuna qədər 7 milyon tonu keçəcəyi proqnozlaşdırılır.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.
İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək