Bu gün Azərbaycan su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır.
"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixində imzaladığı sərəncamla iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib. Bununla əlaqədar “Azərsu”, eləcə də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.
Daha sonra iki qurumun rəhbərliyi ötən gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində peşə fəaliyyətini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olmuş "Azərbaycan Televiziya və Radio Verilişləri " QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin ("AzərTAc") müxbiri Məhərrəm İbrahimovun xatirəsinə yaradılmış anım güşəsinin önünə gələrək onları ehtiramla anıblar.