Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 % və 35,5 % çox olub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 11 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 197,3 milyon ton yük daşıyıb. Yüklərin 57,4 %-i avtomobil nəqliyyatı, 30,3 %-i isə boru kəməri, 8,6 %-ı dəmir yolu, 3,5 %-i dəniz, 0,2 %-i hava ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,5 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,1 % təşkil edib..
Hesabat dövründə nəqliyyatçılar 1 466,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,8 %-i avtomobil, 12,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.