Azərbaycanda 2 suvarma kanalının yenidən qurulmasına 30 milyona yaxın vəsait sərf olunacaq
- 16 yanvar, 2025
- 15:41
Köhnə Xanqızı və P-O kanallarının I mərhələdə yenidən qurulması işlərinə 29 milyon 510 min 302 manat vəsait yönəldiləcək.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 4 min 426,55 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər yanvarın 28-i saat 15:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.
Qeyd edək ki, Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) əkin sahələrini suvarmaq məqsədilə 1933-cü ildə istifadəyə verilib. Uzunluğu 64 km olan kanal Beyləqan və Ağcabədi rayonları ərazisindən axır.