Azərbaycan zəlzələyə davamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin Baş katibi Şahanə Sarı Yaponiyanın "Pacific Co" Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsədlə Yaponiya şirkətinin nümayəndələri Azərbaycandadırlar: “Azərbaycanda zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsi ilə bağlı yerli şirkətlərə məlumatlar veriləcək".
Ş. Sarı deyib ki, assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.
Korporasiyanın baş memar Yoko Şiraişi deyib ki, 1951-ci ildə təsis edilən gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, "Pacific Consultants Co. Ltd" ham yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümlədən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilib: “Çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər və tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisini uğurla həyata keçirilib".
O əlavə edib ki, Bakının cəlbedici, müasir, icra texnikasına görə bir birindən seçilən binaları var: “Qısa müddət ərzində şəhərinizlə tanış olarkən diqqəçəkən, unikal, qədim və müasir memarlıq abidələrini gördük. Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik".