Azərbaycan hökuməti WUF13-ün statusunun yüksəldilməsi təşəbbüsü ilə çıxış edib
- 30 aprel, 2026
- 12:01
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) nəticələri Nyu-Yorkdakı yüksək səviyyəli görüş üçün hesabata, eləcə də BMT baş katibinin sentyabrda təqdim olunacaq məruzəsinə daxil ediləcək.
"Report"un məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva Azərbaycanda Şəhərsalma və Arxitektura İli çərçivəsində, eləcə də Bakıda WUF13-ün keçirilməsinə hazırlıqla əlaqədar Azərbaycanın Sofiyadakı (Bolqarıstan) səfirliyinin təşkil etdiyi tədbirdə bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti forumun statusunun yüksəldilməsi təşəbbüsü ilə çıxış edib: "WUF qanunvericilik platforması olmasa da, onun çərçivəsində liderlərin görüşləri və bəyanatları nəzərdə tutulub. Bu, həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin şəhərləri inklüziv, davamlı və insanyönümlü şəhərsalma prinsipləri əsasında inkişaf etdirmək üçün siyasi iradəsindən xəbər verir".
O qeyd edib ki, WUF13-ün proqramında 40-dan çox sessiya və 350-dən artıq tərəfdaşlıq tədbiri nəzərdə tutulub.
"Bakı artıq dünyanın hər yerindən iştirakçıları qarşılamağa demək olar ki, hazırdır".
G.Rzayeva vurğulayıb ki, şəhər inkişafı istənilən cəmiyyət üçün son dərəcə geniş və kritik əhəmiyyətli sahədir, çünki birbaşa iqtisadi rifahla bağlıdır: "O, rifahın yüksəlməsinə, iş yerlərinin yaradılmasına, innovasiyaların və yeni texnologiyaların tətbiqinə kömək edir. Eyni zamanda, sürətli urbanizasiya ciddi iqlim problemlərinə səbəb olur. Buna görə də WUF yalnız şəhər planlaşdırması ilə bağlı deyil. Forum çərçivəsində iqlim gündəliyinin inteqrasiyası, iqlim dəyişikliyinin şəhərlərə təsiri və şəhərlərin ətraf mühitə təsiri məsələləri müzakirə olunacaq".
O, bu proseslərdə elmin mühüm rolunu vurğulayıb: "Forumun əsas proqramında akademik tədqiqatlara həsr olunmuş dəyirmi masalar daxil olmaqla, iki kateqoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu, ideya mübadiləsi, ən yaxşı təcrübələrin nümayişi və ən kəskin problemlərin, o cümlədən mənzil təminatı probleminin həlli yollarının axtarışı üçün əla platforma olacaq".
Onun fikrincə, foruma hazırlıq uğurla gedir və başa çatmaq üzrədir: "Bütün obyektlər hazırdır, müasir dizaynı ilə fərqlənir və iştirakçıların həm əyani, həm də hibrid formatda qoşulmasına imkan verən zəruri texnologiyalarla təchiz olunub".
G.Rzayeva bildirib ki, Azərbaycan hökuməti forumda bir sıra yeni təşəbbüslər təqdim edəcək: "Bu forum yalnız ev sahibi olaraq ölkəmiz üçün deyil, həm də BMT-Habitat üçün böyük əhəmiyyət daşıyır, çünki bu il Yeni Şəhərsalma Proqramının 10 illiyi qeyd olunur. Bu, aralıq qiymətləndirmə mərhələsidir və yüksək səviyyəli seqmentlərdən biri olan nazirlərin görüşü məhz bu proqrama həsr olunacaq. Müxtəlif ölkələrdən nazirlər əldə edilmiş irəliləyiş barədə hesabatlar təqdim edəcəklər".