“Azərbaycan Dəmir Yolları”nın əməliyyat gəlirləri 2030-cu ilə qədər 3 dəfə artacaq
- 14 sentyabr, 2024
- 13:43
2024-2030-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin əməliyyat gəlirləri 3 dəfədən çox artacaq.
“Report” bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycanın dəmir yolu sektorunun inkişaf proqramı çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpası layihəsinə əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı hesabatına istinadən xəbər verir.
Hesabata görə, ADY 2027-ci ilə qədər əməliyyat rentabelliyinə nail olacaq.
ADB-nin proqnozlarına görə, bu dövrdə ADY-nin gəlirliliyi rəqəmsal transformasiya proqramı sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşacaq ki, bu da şirkətin əməliyyat və maliyyə göstəricilərinə müsbət təsir göstərəcək. Borcların restrukturizasiyasının borc yükünün azaldılmasında əsas rol oynaması isə şirkətin maliyyə dayanıqlığını gücləndirəcək. Ümumi öhdəliklərin əhəmiyyətli dərəcədə azalacağı və borcun ödənilməsi əmsallarının və borcun məcmu kapitala nisbətinin yaxşılaşacağı gözlənilir. Bank hesab edir ki, ADY-nin maliyyə dayanıqlığı müntəzəm dövlət dəstəyi sayəsində təmin olunacaq.
Bununla belə, şirkət COVID-19 pandemiyasının təsiri və 2020-2022-ci illərdə yüksək faiz ödənişləri səbəbindən borcun ödənilmə əmsalının hədəf göstəricisinə (2020-ci ildən 1,1-dən yuxarı həddə müəyyən edilib) hələ nail olmayıb. Bununla əlaqədar ADB kreditin 2023-cü ilin sonuna qədər ödənilməsi üçün möhlət verib.
“Yenidən baxılmış maliyyə proqnozlarına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2024-cü ilin əvvəlində hökumət tərəfindən borcların əsaslı restrukturizasiyası və kapitala konvertasiyasından sonra bu ildən etibarən borcun ödənilmə əmsalı üzrə hədəf göstəriciyə nail olacağı gözlənilir”, - hesabatda bildirilir.
ADB həmçinin vurğulayır ki, Rusiyanın Ukraynada başlatdığı müharibənin səbəb olduğu regional geosiyasi qeyri-sabitlik ADY-nin biznes perspektivlərinə təsirsiz ötüşmür. Buna baxmayaraq, Cənubi və Cənub-Şərqi Asiyanı birləşdirən tranzit dəhlizlərinə regional marağın artması ilə əlaqədar Türkiyə və Gürcüstan da Azərbaycanda tranzit şərtlərinin yaxşılaşdırılmasından faydalanır ki, bu da bu risklərin azalmasına kömək edir.
ADB analitiklərinin fikrincə, “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət dəstəyindən asılılığı şirkətin maliyyə dayanıqlığına təsir göstərir. ADY sabitliyi saxlamaq üçün borcların ödənilməsini və inflyasiya, valyuta və faiz risklərindən qorunmanı təmin etməklə yük və sərnişindaşıma tariflərinə mütəmadi olaraq düzəlişlər etməyi planlaşdırır. Eyni zamanda, hökumət şirkətin maliyyə dayanıqlığını təmin etmək üçün kapital qoyuluşu və borcun restrukturizasiyası da daxil olmaqla, lazımi dəstəyi göstərmək öhdəliyi götürür.
Xatırladaq ki, ADB Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub dəmir yolu dəhlizinin əsas həlqəsi olan təxminən 166 km uzunluğunda Sumqayıt-Yalama dəmir yolu xəttinin bərpasının başa çatdırılması üçün 131,5 milyon ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti ayırmağa hazırdır. Layihədə Azərbaycan hökumətinin payı (29 milyon ABŞ dolları) nəzərə alınmaqla əlavə maliyyələşdirmə 160,5 milyon ABŞ dolları təşkil edir. Əvvəllər ayrılmış vəsaitlər də nəzərə alınmaqla, layihənin ümumi dəyəri 427,8 milyon ABŞ dollarına qədər artacaq (layihənin həyata keçirilməsi zamanı gözlənilməyən xərclər və yığımlar daxil olmaqla 485,5 milyon ABŞ dolları).
Dəmir yolunun yenidən qurulmasının 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.